Xəbərlər
BANM və SOCAR Capitalın birgə konfransı: Qlobal Kapital Bazarlarında Fəaliyyət və Uğurlar
Bakı Ali Neft Məktəbi (BANM) və SOCAR Capitalın birgə təşkilatçılığı ilə BANM-da “Qlobal Kapital Bazarlarında Fəaliyyət və Uğurlar” adlı Konfrans keçirilib. Konfransda Ali Məktəbin rektoru Elmar Qasımov, SOCAR-ın və SOCAR Capital şirkətinin rəsmiləri, eyni zamanda BANM-ın professor-müəllim və tələbə kontingenti iştirak ediblər.
Konfransın açılışını BANM-ın rektoru Elmar Qasımov edərək bütün iştirakçıları salamlayıb. Hazırkı dövrdə qlobal maliyyə bazarlarının dünya iqtisadiyyatının inkişafında həlledici rola malik olduğunu söyləyən rektor qeyd edib ki, Azərbaycan iqtisadiyyatı da bu təsirdən kənarda qalmır və bu səbəbdən dövlətimiz iqtisadi inkişafa daim diqqət göstərir. Bu istiqamətdə aparılan işlərdən biri kimi ölkəmizin ən böyük beynəlxalq şirkəti olan SOCAR-ın 2016-cı ildə təsis etdiyi SOCAR Capital şirkətinin fəaliyyətini qeyd edən Elmar Qasımov şirkətin kapital bazarlarının mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin maarifləndirilməsi fəaliyyətini yüksək qiymətləndirib.
İlk öncə konfrans iştirakçılarına SOCAR Capital şirkəti haqqında informativ çarx nümayiş etdirilib.
Konfransın spikerlərindən biri olan SOCAR-ın Maliyyə bazarları üzrə baş məsləhətçisi və SOCAR Capital şirkətinin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu özünün “İqtisadiyyat 2.0” adlı birinci təqdimatında dünya kapital bazarları, rəqəmsal dünyanın yenilikləri, bitkoin və digər yeniliklər, neft və bərpa olunan enerjilər, bir sözlə dünya iqtisadiyyatının dəyişən tendensiyaları haqda konfrans iştirakçılarına təqdimat edib. Özünün “SOCAR istiqrazları” adlı ikinci təqdimatında isə spiker qiymətli kağızlardan, onların biznes və dövlət üçün əhəmiyyətindən danışıb, daha sonra istiqraz, xüsusilə SOCAR istiqrazlarının buraxılışı, buraxılış zamanı həyata keçirilən addımlar, fond birjaları haqqında məlumat verib. Əli Ağaoğlu həmçinin bildirib ki, SOCAR öz istiqrazlarını güzəştli və zəmanətli şərtlərlə buraxır və hazırda ölkədə əhali tərəfindən istiqrazlara investisiya qoymaq marağı çox yüksəkdir.
Daha sonra iqtisadçı alim Vüqar Bayramov “İnnovativ iqtisadiyyat: çağırışlar və perspektivlər” adlı təqdimatla konfrans içtirakçılarına məruzə edib. O innovativ iqtisadiyyat, əmək bazarındakı yeniliklər, innovativ sərmayə istiqamətləri və Azərbaycan iqtisadiyyatında bu istiqamətdə həyata keçirilən yeniliklər haqqında ətraflı informasiya verib.
Konfransda qeyd olunub ki, bu istiqamətdə təşkil olunan tədbirlər gənclərin iqtisadiyyatda baş verən innovativ proseslər haqda məlumatlılığına xidmət edir və onlara gələcəkdəki əmək fəaliyyətləri zamanı böyük kömək olacaqdır.
Tədbirin sonunda Ali Məktəbin tələbələri spikerlərə onları maraqlandırılan suallarla müraciət ediblər.