Xəbərlər
IADC Bakı Ali Neft Məktəbində böyük seminar keçdi
Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (IADC) Bakı Ali Neft Məktəbində (BANM) “Qazma platformalarının avtomatlaşdırılmasının statusu və gələcəyi” adlı seminar keçirib. Seminarın əsas qonağı Amerikanın Hyuston ştatında yerləşən “National Oilwell Varco” (NOV) şirkətinin Biznes və Texnologiyaların İnkişafı üzrə direktoru Tom Yost olub.
Tədbirdə həmçinin IADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin sədri Graham Clark, NOV şirkətinin Xəzər Regionu üzrə meneceri Ramiz İmamquliyev və IADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin üzvü, BP-nin qazma mühəndisi Tural Nağıbəyli iştirak ediblər.
Əsas məqsədi qazma quyularının avtomatlaşdırılması mövzusunda tələbələri ən son yeniliklər və biliklərlə təmin etmək olan seminarda BANM-ın 70-dən çox tələbəsi iştirak edib. Ali Məktəbin Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov tədbiri öz sözlərilə açaraq qonaqları salamlayıb və IADC təşkilatının BANM-la olan sıx əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb.
Seminarın əsas qonağı, spiker Tom Yost gələcək mühəndislərə qazma quyularının avtomatlaşdırılmasına dair prezentasiya edib, bu sahədə öz təcrübələrini paylaşıb və onlara xüsusi videomateriallar nümayiş etdirib.
Seminarın sonunda cənab Yost tələbələrin mövzuya göstərdiyi diqqətdən və onların seminar müddətində verdiyi suallardan həzz aldığını, Ali Məktəbin ona göstərdiyi qonaqpərvərlikdən məmnun olduğunu və kampusda tələbələr üçün yaradılmış şəraitə heyran qaldığını bildirib.
Tədbirin sonunda IADC-nin nümayəndələri tələbələrin müxtəlif suallarını cavablandırıb və sahə üzrə dəyərli məsləhətlərini veriblər.