Xəbərlər
BANM-da SPM-in yeni qrupunun açılışı olub
Bakı Ali Neft Məktəbinin (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı, BP və onun tərəfdaşlarının dəstəyilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton universitetinin magistr proqramı əsasında hazırlanan Layihə İdarəetmə Məktəbinin (SPM) növbəti – “M2” qrupunun təqdimat və açılış mərasimi keçirilib.
Açılış mərasiminə BANM-ın rektoru Elmar Qasımov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, “M2” qrupunun iştirakçıları və Ali Məktəbin əməkdaşları qatılıb.
BANM-ın yeni kampusunda təşkil edilən tədbiri öz sözlərilə açan rektor Elmar Qasımov bu magistr proqramının BANM-da təşkil və tədris olunmasını Ali Məktəbin uğurlarından biri hesab etdiyini deyib. Yeni çağırışların və yanaşmaların tətbiq olunduğu müasir dövrdə layihələrin idarə olunması bacarıqlarının vacibliyinə toxunan Elmar Qasımov bildirdi ki, Layihə İdarəetmə Məktəbinin təlimləri bu istiqamətdə menecerlərin hazırlanmasında mühüm rol oynayır. Rektor görüş zamanı yeni qrupun iştirakçıları ilə yaxından tanış olub, onları təlimlərə qatılmaları münasibətilə təbrik edib və proqramı uğurlar başa vurmalarını arzulayıb.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında layihənin uğurlu şəkildə davam etməsindən məmnun olduğunu bildirib. Layihələrin idarə olunması sahəsinin xüsusi inkişafından danışan Bəxtiyar Aslanbəyli, SPM-in hər yeni qrupunda BP şirkətinin əməkdaşlarının iştirak etdiyini bildirib. Vitse-prezident qeyd edib ki, əməkdaşlar proqramı bitirdikdən sonra çalışdıqları müxtəlif sahələrə uyğun olaraq layihə idarəetmə biliklərini uğurla tətbiq edə bilir və bu da işdə yüksək səmərəlilik və keyfiyyətə nail olmağa kömək edir.
Təlimlərin yüksək səviyyədə keçirilməsi üçün görülən işləri yüksək qiymətləndirən BP-nin vitse-prezidenti BANM-ın rektoru Elmar Qasımova və Ali Məktəbin kollektivinə təşəkkür edib, təlim iştirakçılarına uğurlar arzulayıb.
Layihə İdarəetmə Məktəbinin yeni – “M2” qrupunun iştirakçıları sırasına "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, “Azərsu” ASC, BP, SOCAR, Gate Baku, Aztexnika, Bakı Şəhər Halqası kimi şirkətlərin əməkdaşları daxildir.
Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilib. Proqram 7 moduldan ibarətdir və yekunda proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər.