Xəbərlər
Mən bu gün doğru yerdə, doğru əllərdəyəm – BANM-in 700 bal toplamış gələcək mühəndisi Qabil müsahibə verib
1. Qabil de görək, ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Qabil Əliyev kimdir?
Mən 2000ci ildə Bakı şəhərində anadan olmuşam və orta təhsilimi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində əla qiymətlərlə bitirmişəm. Ailəm 5 nəfərdən ibarətdir: Atam kimya mühəndisi, anam filoloq, qardaşım məktəbli, böyük bacım isə tələbədir. Bacım da həmçinin 2 il öncə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərərək 662 balla hüquq fakültəsinə qəbul olmuşdu.
- Bizə bir az uğurlarından danış və de görək onlar arasında ən çox fəxr etdiyin hansıdır?
Məktəbdə həmişə yüksək nəticələr göstərmişəm. Məsələn, 11ci sinifdə Respublika fənn olimpiadasında kimya fənni üzrə 3-cü yerə çıxaraq bürünc medala layiq görülmüşəm, orta məktəbi qızıl medalla bitirmişəm. Həmin dövr üçün onlar fəxr etdiyim ən böyük uğurlar idi. İndiki dövrdə isə qəbul imtahanında doğmalarımın gözləntilərini doğruldub 700 bal toplamağım və Prezident təqaüdünə layiq görülməyimi ən böyük nailiyyət hesab edirəm.
- Qabil, 700 balla üzünə bütün ali məktəblərin qapısının açıq olduğunu bilirdin. Bəs sən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?
Düzü seçimim təsadüfi olmadı. Bir çox araşdırmalardan sonra ailəm də, mən də BANM-in üstündə durduq. BANM yüksək səviyyədə təhsil verməklə yanaşı hərtərəfli kadr yetişdirir. Tələbənin sosial inkişafı və gələcək karyera imkanları üçün hər cür şərait yaradır.
- Oxucularımıza maraqlıdır, sənin fikrincə bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?
Mənim fikrimcə ən önəmlisi nizam-intizamdır. 11 illik materialı 1 ilə oxuyub yüksək nəticə gözləmək absurddur. Aşağı siniflərdən sistemli şəkildə oxumaq lazımdır ki, yuxarı siniflərdə də materialı tam qavraya biləsən. Həmçinin məqsəd uğrunda çox çalışmaq lazımdır, hər uğurun arxasında böyük əziyyət durur. Lakin günün müəyyən hissəsi istirahətə də ayrılmalıdır, əks halda yorğunluq imtahanda diqqətsizliyə gətirib çıxara bilər.
5. Səni həyatda ən çox motivasiya edən nədir?
Ailəmin, dostlarımın dəstəyi, inamı, maksimal bal yığacağıma ruhlandırmaları mənim üçün imtahana hazırlaşdığım dövrdə daim motivasiya olub. Birinci qəbul imtahanında diqqətsizlik üzündən 680 bal yığsamda, ikinci imtahanda mənə olan 700 bal yığıb doğmalarıma qürur hissi yaşatmağa nail oldum və bu hazırda daha böyük məqsədlər uğrunda çalışmağım üçün mənə motivasiya verir.
- Qabil, bu müsahibəni oxuyan və seçim qarşısında olan abituriyentlərə nə məsləhət verərdin?
Onlara deyərdim ki, seçəcəkləri ali məktəbi və ixtisası yaxşı araşdırsınlar, yuxarı kursların və məzunların fikirlərini mütləq alsınlar. Bundan başqa seçimi başqasının öhdəsinə buraxmamaq, lazımlı ixtisas və həmin ixtisas üzrə hərtərəfli kadr yetişdirən ali təhsil ocağı seçmək lazımdır. Çünki çox vaxt ali məktəblər tələbələrin və onların gələcəyinə ümid bəsləyən valideynlərin ümidlərini doğrulda bilmir. Bu nöqteyi nəzərdən çox sevinirəm ki, mən bu gün doğru yerdə, doğru əllərdəyəm.