Xəbərlər

EY Bakı Ali Neft Məktəbində seminar keçdi

         Audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal lider olan “Ernst & Young” (EY) Bakı Ali Neft Məktəbində (BANM) 4-cü və 5-ci kurs tələbələri üçün İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə seminar keçib. Seminar EY şirkətinin İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcova tərəfindən aparılıb. 3 gün davam edən seminar workshop formatında təşkil olunaraq orada iştirak edən tələbələrin daha aktiv iştirakını təmin edib. Seminarın keçirilməsində əsas məqsəd tələbələrdə dünyada baş verən dəyişikliklərə qarşı sistemli düşünmə qabiliyyətinin formalaşdırılması olub. 3 günlük seminarda neft-qaz sektorunda dayanıqlı inkişaf, hökumətin dayanıqlı inkişaf üzrə gördüyü işlər, demoqrafik dəyişikliklərin yaratdığı problemlər, neft və qeyri-neft sektorlarında innovasiya və texnologiyaların tətbiqi dərəcəsi, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması kimi mövzulara toxunulub.

 

       Seminarın sonunda BANM-in rektoru Elmar Qasımov çıxış edərək EY şirkətinin əməkdaşına öz təşəkkürünü bildirib, BANM-in EY-la yaranmış münasibətlərinin davamlı olacağını bildirib.