Xəbərlər

BANM-in tələbələri Gürcüstanda proqramlaşdırma yarışında

             Bakı Ali Neft Məktəbinin (BANM)  “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” üzrə təhsil alan tələbələri Gürcüstanın paytaxtı Tbilisidə “XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak ediblər. BANM-i 4-cü kurs tələbələri Emin Hüseynli, Ayaz Səmədli, Anar Piriyev komanda üzvləri və 5-ci kurs tələbəsi Məmməd Cəbrayılov və Rəhim Rəhimli isə trener olaraq təmsil ediblər.

 

          Yarış Azərbaycan, Gürcüstan, Rusiya və Ukraynadan olan tələbələri bir araya toplayıb. Müsabiqənin birinci günü tələbələr üçün fərdi müsabiqə keçirilib.  Fərdi müsabiqədə müxtəlif ölkələrdən 117 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 9 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin ikinci günü komanda müsabiqəsi keçirilib. Komanda müsabiqəsində 99 komanda iştirak edib. Tələbələrə 5 saat ərzində 12 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin son günü isə nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.

 

           “İki gün ərzində gənc proqramçılar müxtəlif proqramlaşdırma tapşırıqlarının həlli üzərində çalışıblar. Biz 5 saat ərzində C, C++, Java və Python  proqramlaşdırma dillərində 12 alqoritmik problemi həll etməli idik. Yüksək nəticə əldə etmək üçün 4-6 problemi həll etmək lazım idi və mən fəxr edirəm ki, biz həm komanda həm də individual şəkildə yüksək nailiyyət əldə edə bildik. ” – deyə iştirakçı Emin Hüseynli bildirib.