Xəbərlər

Bakı Ali Neft Məktəbi Misir Neft Tədqiqatları İnstitutu ilə memorandum imzaladı

         Bakı Ali Neft Məktəbi (BANM) Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) ilə elm və təhsil sahəsində əməkdaşlığa başlayacaq. Bu məqsədlə BANM-in rektoru Elmar Qasımov, müəllim- professor heyəti və tələbələrin iştirakı ilə  MNTİ-nin direktoru professor Əhməd Məhəmməd Əl-Sabah və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 

 

       Görüşü öz sözlərilə açan Ali Məktəbin rektoru qonaqları salamlayıb və bu əməkdaşlığın iki ölkə arasında inkişafın bariz nümunəsi olduğunu bildirib. Rektor tədbir iştirakçılarına BANM və MNTİ arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən danışıb və bu yaranmış münasibətdə olan roluna görə Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna və onun nümayəndələrinə öz təşəkkürünü bildirib.

 

       Qeyd edək ki, razılaşmaya əsasən Ali Məktəbin müəllim-professor və tələbə heyəti bu əməkdaşlığın sayəsində neft-kimya, neft emalı, nanotexnologiya və bu istiqamətlərdə layihə və inkişaf proqramları, o cümlədən gələcəkdə doktorantların hazırlanması üzrə bəhrələnə biləcəklər.

 

        MNTİ-nin direktoru, professor Əhməd Məhəmməd Əl-Sabah Ali Məktəbin rektoru Elmar Qasımova isti münasibət və marağa görə öz təşəkkürünü bildirib. Qonaq hər iki ölkə üçün neft sektorunun və bu sahə üzrə araşdırmaların əhəmiyyətindən, daha sonra isə MNTİ-də bu istiqamətdə mümkün olan imkanlardan və şəraitdən danışıb. Cənab Əhməd Məhəmməd Əl-Sabah MNTİ-nin məhz BANM-lə olan əməkdaşlığın bütün istiqamətlərində maraqlı olduğunu bildirib.

 

       Görüşün sonunda Ali Məktəbin professor-müəllim komandası MNTİ-nin müxtəlif şöbələrinin əməkdaşları ilə yaxından tanış olub və bu istiqamətdə fikir mübadiləsi aparıblar.