Xəbərlər
Socar Methanol MMC və Bakı Ali Neft Məktəbi arasında razılaşma
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Socar Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev mütəxəssis hazırlığı üzrə “Əməkdaşlıq haqqında razılaşma” imzalayıblar. İmzalanma mərasimi BANM-də Ali Məktəbin professor-müəllim heyəti, tələbələri və “Socar Methanol” MMC-nin nümayəndə heyətinin iştirakı ilə baş tutub.
Tədbiri ilk öncə Ali Məktəbin rektoru Elmar Qasımov öz çıxışı ilə açıb, cənab Elnur Mustafayev başda olmaqla “Socar Methanol” şirkətinin nümayəndə heyətini salamlayıb, BANM və şirkətin bundan əvvəlki əməkdaşlığından danışıb, “Socar Methanol”un rəhbərliyinin BANM-in fəaliyyətinə və tələbələrinə olan marağını yüksək qiymətləndirib.
Qonaq Elnur Mustafayev isə öz çıxışı zamanı “Socar Methanol” MMC-nin SOCAR-ın törəmə şirkəti olduğunu qeyd edib. Daha sonra onun tərəfindən iştirakçılara “Socar Methanol” MMC-nin təhlükəsiz və fasiləsiz davam edən fəaliyyəti haqqında danışılıb, “Azərbaycanda potensial metanol istehsalı” haqqında ingilis dilində təqdimat edilib və şirkətin bütün fəaliyyəti videoda iştirakçıların gözü önündə canlandırılıb.
Daha sonra cənab Elnur Mustafayev neft-qaz və kimya sənayesində mühəndislik üzrə ixtisaslı və peşəkar kadr problemindən danışıb. Baş direktor “Socar Methanol” MMC-nin və SOCAR-ın digər törəmə şirkətlərinin neft-qaz, kimya mühəndisliyi üzrə texnologiyanı yaxşı bilən mütəxəssislərə böyük təlabatı olduğunu qeyd edib. E.Mustafayev BANM-nin “Socar Methanol” MMC-də yay istehsalat təcrübəsində olan tələbələrinin fəaliyyətindən razı qaldığını bildirib və bu cür təcrübə proqramlarının davam etdirilməsini dəstəklədiyini deyib. Sonda qonaq BANM tərəfindən bu istiqamətdə aparılan uğurlu siyasətə görə Elmar Qasımova öz təşəkkürünü bildirib.
Qeyd edək ki cari ilin iyul-sentyabr aylarında BANM-in beşinci kurs Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 4 tələbəsi – Simuzər Babazadə, Heydər Nəcəfov, Murad İsmayılov və Fuad Əlizadə “Socar Methanol” MMC-də istehsalat təcrübə proqramı keçiblər.
Sonda Ali Məktəbin rektoru Elmar Qasımov BANM-in əməkdaşlıq etdiyi şirkətlər sırasına daha bir şirkətin – “Socar Methanol” MMC-nin daxil olması münasibətilə BANM ailəsini təbrik edib və əməkdaşlığın uzunömürlü olmasıni diləyib.