Xəbərlər
BANM-in tələbələri Do it yourself layihəsində
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri – beşinci kurs “Neft-qaz mühəndisliyi” üzrə təhsil alan Camal Əhmədov və “Kimya Mühəndisliyi” üzrə təhsil alan dördüncü kurs Anar Bədəlbəyli və üçüncü kurs Nigar Cahangirova “Do it yourself” (“Özün təşəbbüs et”) layihəsinin ikinci mərhələsində iştirak ediblər. “Beyond the simplicity” (“Sadəlikdən kənar”) adlanan bu mərhələ Avropa İttifaqının Erasmus+ proqramının dəstəyi ilə oktyabr ayında Gürcüstanın Kutaisi şəhərində baş tutub. “Common Sense Youth Organization” təşkilatının dəstəyi ilə proqramda iştirak edən BANM-in tələbələri proqram zamanı Azərbaycanı və onun milli-mənəvi dəyərlərini təmsil edib. Layihədə Azərbaycandan başqa İspaniya, İtaliya, İsveçrə, Ukrayna və Gürcüstandan olan gənclər iştiak edib.
Layihənin iştirakçıları sosial sahibkarlıq konsepsiyası, sahibkarlarda liderlik və idarəetmə biliklərinin inkişafı, problemlərin analizi və maliyyələşmə kimi mövzulara diqqət yetiriblər. Onlar bu mövzuları gənclər təşkilatlarının nümunəsində diskusiya edərək, təcrübələrini paylaşıb və öz ölkələrində sahibkarlığın inkişafı ilə bağlı şəraiti müzakirə ediblər. Sonra hər bir ölkənin nümayəndələri xüsusi yerli problemlərin həlli ilə məşğul olacaq sosial təşkilat yaradaraq öyrəndiklərini tətbiq ediblər.
Layihə çərçivəsində Babale, Mediathek və TechPark sosial təşkilatlarına tanışlıq səfərləri təşkil olunub. İştirakçılar yerli gənc sahibkarlarla görüşüb və onların bu istiqamətdə olan fikirləri və təcrübələri ilə tanış olublar.