Xəbərlər

Elmar Qasımov AmChamın qonağı olub

       Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”)  İnsan resursları komitəsinin oktyabr görüşünün qonağı olub.

 

       Tədbiri öz çıxışı ilə açan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda İnsan resursları üzrə vitse-prezident Leyla Novruzova tədbir iştirakçılarını salamlayıb və görüşdə müzakirə olunacaq mövzuları qeyd edib. Xanım Leyla Novruzova dərhal sonra iştirakçılara Bakı Ali Neft Məktəbindən və onun qısa müddətdə əldə etdiyi nailiyyətlərindən danışmağa başlayıb, çıxışının sonunda Elmar Qasımovu dəvət edərək rektordan BANM haqqında danışmağı və əldə olunan uğurlara görə öz şəxsi təcrübəsini tədbir iştirakçıları ilə bölüşməyi xahiş edib.

 

        Elmar Qasımov tədbir iştirakçılarını salamlayıb və ilk olaraq ölkədə milli kadr hazırlığından, təhsil sahəsinin müasir göstəricilərindən, əmək bazarının və transmilli şirkətlərin tələbatlarından danışıb. Daha sonra rektor ölkədə bu sahədə olan boşluğu doldurmaq məqsədilə yaradılmış BANM və onun tarixindən, əməkdaşlıq etdiyi universitetlər və orada tədris edilən Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramlarından bəhs edib.

 

     BANM tələbələrinin ölkə üzrə bilik reytinqindəki göstəricilərini böyük fəxrlə auditoriyanın diqqətinə çatdıran rektor, məzunların müxtəlif transmilli şirkətlərdə çalışmaları üzrə statistikanı da xüsusi vurğulayıb. Daha sonra BANM-in yeni kampusu və orada olan dəyərli laboratoriyalardan danışılıb, tələbələrin keçdikləri praktiki istehsalat təcrübə proqramları və digər bu kimi mövzular müzakirə olunub.

 

       Sonda E.Qasımov  BP-nin vitse-prezidenti Leyla Novruzovaya BANM-ə olan böyük etimadına görə təşəkkür edib və BP ilə BANM-in illərdir uğurla davam edən əməkdaşlığını yüksək qiymətləndirdiyini söyləyib.

 

       Qeyd edək ki, Ali Məktəbin rektorunun çıxışı tədbir iştirakçılarının marağına səbəb olub. Belə ki, görüşdə iştirak edən müxtəlif şirkətlərin insan resurları şöbələrinin mütəxəssisləri BANM-in tələbələrini yüksək ixtisaslı kadr olaraq qiymətləndiriblər. Bu marağın BANM məzunlarına olan tələbatın daha da artmasına xidmət edəcəyinə əminik.