Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru BANM-ə qəbul olmuş Prezident Təqaüdçüləri ilə görüşdü
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru cənab Elmar Qasımov 2017-ci ildə BANM-ə qəbul olunmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirib. Ali Məktəbin Rektoru görüş zamanı cari ildə BANM-ə qəbul olmuş Prezident təqaüdçülərinin ötən illərə nisbətən iki dəfə çox olduğunu vurğulayaraq bununla böyük fəxr etdiyini bildirib.
Qeyd edək ki, 2017-ci il 1-ci qrup üzrə 25 prezident təqaüdçüsündən 24-ü məhz BANM-i seçib və bu göstərici BANM-in respublika üzrə birinciliyini təsdiq edib. Prezident təqaüdçüləri arasında 3 qız və 4 oğlan olmaqla 7 nəfər 700 balla qəbul olmuş tələbələrdir. Təqaüdçülərin ixtisas seçimində verdiyi üstünlük isə məhz Prorseslərin Avtomatlaşdırılması Mühəndisliyi olub. Təsadüfi deyil ki, bu ixtisas respublikada bütün rekordları aşaraq “İlin ixtisası” oldu.
BANM-in rektoru cənab Elmar Qasımov Prezident təqaüdçülərinin Ali məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasına böyük bir investisiya olacağını vurğulayıb. O tələbələri bir daha təbrik edərək gələcək dərslərində müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.