Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri yenidən teatr səhnəsində

          Bir çox istəkləri nəzərə alaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” iki hissəli tamaşa ikinci dəfə nümayiş olunub. Tamaşaya SOCAR-ın rəhbərliyi - Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov, Sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlov, BANM-in rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti, əməkdaşlar, tələbələr və onların valideynləri dəvət olunublar.   

 

          Tamaşanın quruluşçu rejissoru BANM-in müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, bədii rəhbəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

 

          Baş rolları BANM-in tələbələri Asiman Səidzadə (Müsyo Jordan), Emin Balaşov (Hatəmxan ağa), Sevinc Qafarlı (Şərəfnisə xanım), Əfsanə Zeynallı (Şəhrəbanu xanım ), Nicat Həsənov (Şahbaz bəy), Simuzər Babazadə (Gülçöhrə), Zərifə Orucova (Xanpəri), Niyaz Əhmədzadə (Dərviş Məstəli şah), Yaşar Mustafayev (Qulaməli),  Fərhad Qədimov və Leyla Rzayeva ifa ediblər.