Xəbərlər
700 bal toplayan abituriyent: BANM Azərbaycanda ən yüksək reytinqli təhsil müəssisələrindən biridir
Əsgərzadə Abdulla Sahib oğlu 25 avqust 2000-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 2006-2012-ci illərdə Gəncə şəhəri 31 saylı məktəbdə alıb. Daha sonra Gəncə Azərbaycan-Türkiyə özəl liseyinə (hazırda Gəncə İstək liseyi) qəbul üçün keçirilən imtahanda 1-ci yerə çıxaraq pulsuz oxumaq imkanı qazanıb. Bu liseydə oxuduğu zaman müxtəlif tədbirlərdə, bilik yarışlarında, yay məktəblərində iştirak edib. Məktəbdə keçirilən müxtəlif bilik yarışlarında, şahmat, voleybol yarışlarında qalib gəlib. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.
- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?
- Bu nəticəni əldə etmək üçün ibtidai siniflərdən başlayaraq yaxşı oxumaq lazımdır. Bunun sadəcə bir şans olması mümkün deyil. Lakin 1-2 sual mexaniki səhv də ola bilərdi burada şansım gətirdi.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanı obyektiv keçdi. İmtahandan əvvəl həyəcanım var idi, amma sual kitabçasını əlimə alandan sonra yalnız suallar üzərində işləməyə başladım, daha heç bir şey fikirləşmədim. Suallar asan idi, bir saata bütün sualları qurtardım sonra dəfələrlə yoxladım və kodlaşdırdım. Səhfim olacağına inanmırdım, amma yenə də həyəcan var idi.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Hələ 10-cu sinifdə 1-ci qrupu seçərkən, BANM-i nəzərdə tutmuşdum. BANM Azərbaycanda yüksək reytinqli təhsil müəssisələrindən biridir və eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və bacarığımı bu sahədə göstərə biləcəm.
- Ən böyük arzun nədir?
- Arzular sözsüz ki çoxdur, ən böyük arzularımdan biri də mükəmməl təhsil alıb, yaxşı bir mütəxəssis kimi yetişməkdir.
- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?
- Bakalavr kimi təhsilimi BANM-də alıb, magistr kimi isə təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Seçdiyim ixtisasın bütün incəliklərinə yiyələnərək bu sahədə uğurlar qazanmaq arzusundayam.