Xəbərlər
BANM-də BP-in seminarı
BP şirkətinin Bakı Ali Neft Məktəbindəki (BANM) illik təqdimatlar silsiləsi çərçivəsində Ali Məktəbin müəllim və tələbələri üçün növbəti seminar keçirildi. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov seminarı açaraq məruzəçi Azərbaycan, Gürcüstan və Türkiyə regionunda lay qiymətləndirilməsi texnologiyaları üzrə menecer Əli Şeydayevi təqdim etdi. Əli Şeydayev “BP-də yeni texnologiyaların vacibliyi” mövzusunda təqdimatla çıxış etdi. O, şirkətin Azərbaycandakı 25 illik fəaliyyəti, əsas nailiyyətləri və BP-nin rəhbərlik etdiyi AÇG və Şah-Dəniz beynəlxalq layihələri haqqında qısa məlumat verdi. Daha sonra o, neft-qaz sənayesində tətbiq olunan, xüsusilə də BP tərəfindən istifadə olunan texnologiyalardan danışdı. Yeni texnologiyaların mənbəyi və onların şirkətlə olan əlaqələrindən danışarkən spiker həmçinin qeyd etdi ki, BP yeni texnologiyaların, o cümlədən başqa regionlarda istifadə olunan ən müasir texnologiyaların Azərbaycanda tətbiqini planlaşdırır. Bura yataqların işlənməsi, qazma işləri və istehsalat əməliyyatlarını əhatə edən 50-dən artıq texnologiya daxildir. Yekunda verilən çoxsaylı suallar cavablandırılmışdır.