Xəbərlər

BANM-də SOCAR Polymer-in təqdimatı

          Bakı Ali Neft Məktəbində (BANM) “”SOCAR Polymer”-də yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) baş direktoru Fərid Cəfərov və sözügedən şirkətin nümayəndələri bu qurumun yay təcrübəsi proqramını elan ediblər.

 

          Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq, bu layihəni ölkəmizin gələcəyinin, iqtisadiyyatımızın, qeyri-neft sektorunun və sənayenin inkişafı kimi qiymətləndirib. O, cənab Prezident İlham Əliyevin də bu layihəyə çox böyük önəm verdiyini xüsusi ilə vurğuladı. Rektor, həmçinin “SOCAR Polymer” zavodunun tikilməsi nəticəsində yeni mühəndis kadrlara tələbatın artacağını qeyd edərək bununla BANM tələbələri üçün daha geniş iş imkanlarının yaranacağını diqqətə çatdırıb. Sonda rektor BANM və “SOCAR Polymer” arasında qurulan əməkdaşlığın “Kimya mühəndisliyi” ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcəyini bildirib.

 

          “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Fərid Cəfərov ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM kimi ali təhsil ocağı ilə əməkdaşlıq qurmaqdan şad olduğunu bildirib. O, BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib. Sonra F.Cəfərov “SOCAR Polymer” şirkətində yay təcrübə layihəsi  haqqında geniş məlumat verdi.

 

          Qeyd olunub ki, təcrübə zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisələrin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər. Tələbələr təcrübə keçdikləri müddətdə müxtəlif iş sahələrinə və obyektlərə səfərlər edir, istehsalat müəssisələrində gedən iş prosesi, yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış olurlar. Onlar  müasir avadanlıqların iş prinsipi, quyuların qazılması və tamamlanması prosesi kimi, qazma məhlulları texnologiyası, keyfiyyətə nəzarət və digər istehsalat prosesləri haqqında biliklər əldə edərək təcrübə toplayırlar.

 

          “SOCAR Polymer”-in müxtəlif sahələrində çalışan əməkdaşların layihə haqqında geniş təqdimatlarından sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.