Xəbərlər
Fransa səfiri Bakı Ali Neft Məktəbində
Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.
Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğuladı. Rektor qeyd etdi ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. O, həmçinin bildirdi ki, 2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə əməkdaşlıq protokolu imzalayıb və bu, Fransa və Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir. O, həmçinin Ali Məktəbin Total şirkəti də daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığından bəhs etdi.
Səfir Aureliya Buşez səmimi qəbula görə öz təşəkkürünü bildirdi. O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gələcəkdə mühüm yer tutacağını vurğuladı. Səfir BANM-lə öz ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafından bəhs edərək hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxundu. Səfir IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının perspektivlərini vurğuladı.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi və elmi-tədqiqatlar sahəsində əlaqələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı.