Xəbərlər

BANM-in tələbələri üçün tarixdən açıq dərs

          Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Milli Azərbaycan Tarix Muzeyində “Azərbaycan tarixi” fənnindən açıq dərsi keçirilib. Açıq dərs BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev tərəfindən keçirilib. Ali Məktəbin tədris proqramına uyğun təşkil olunan açıq dərs muzeyin elmi-ekspozisiyasında nümayiş olunan eksponatlar əsasında keçirilib.  Azərbaycan tarixinin 1920-2003-cü illərinə həsr edilmiş bu dərsdə müasir Azərbaycan tarixindəki vacib mərhələlər haqqında ətraflı məlumat verilib.

 

          Daha sonra BANM-in tələbələri Fuad Əlizadə, Fərid Mustafayev, Ləman Sadıqlı və Tünzalə İmanova ölkəmizin tarixinin mühüm səhifələrini özündə əks edən müxtəlif mövzularda məruzələr oxuyublar və muzey, Zeynalabdin Tağıyev haqqında qısa məlumat veriblər. Dərs zamanı tariximiz, milli-mənəvi dəyərlərimiz əsas diqqət mərkəzində olub.

 

          Qeyd edək ki, tələbələrin mövzuya aid eksponatlarla  əyani tanış ola bilmələri  və dərsin diskusiya şəraitində keçirilməsi onların dərs proqramını daha effektli mənimsəmələrinə zəmin yaradıb.