Xəbərlər

Bakı Ali Neft Məktəbi gənclər layihəsini dəstəkləyir

          Bakı Ali Neft Məktəbi (BANM) “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi ilə tərəfdaşlığını davam etdirir. Azərbaycan gənclərinin dayanıqlı inkişafına dəstək göstərən layihə çərçivəsində Ali Məktəbdə bir neçə tədbir keçirilib.  

  

          “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı şagirdlərin seçilib ali məktəblərə qəbul edilməsi və hərtərəfli fərdi inkişafı istiqamətində onlara dəstək verməkdir. Layihəyə seçim şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxumaq həvəsi, bilik və potensialı kimi üç meyar əsasında həyata keçirilir. 2014-cü ildən həyata keçirilən layihə Binəqədi, Suraxanı, Xətai, Qaradağ və Salyan rayonlarını əhatə edir. Növbəti tədris ilində isə Sabunçu rayonu da daxil edilməklə layihəyə cəlb olunan rayonların ümumi sayı 6-a çatdırılacaq.

 

           “Gələcəyini Qur!” layihəsi ilə əlaqədar BANM-da iki tədbir həyata keçirilmişdir. İlk tədbirdə GR8 şirkətinin həmtəsisçisi, biznes üzrə təlimçi və “KVAN” kitabının müəllifi Coşqun Kərimov məqsədlərin qoyulması, doğru məqsədlərin seçilməsi və bu məqsədlərə çatmaq üçün atılacaq addımlar barədə təlim keçirildi. İkinci tədbir məsuliyyət mövzusuna həsr olunmuşdur. Tədbirdə BP şirkətinin xarici əlaqələr idarəsinin rəhbəri Rəşad Bayramov, təlimçi Coşqun Kərimov, sosial işçi və “Uğur” Akademiyasının həmtəsisçisi Cavid Şahmalıyev, EY şirkətinin Təmiz texnologiyalar və davamlı inkişaf xidmətləri departamentinin əməkdaşı Günel Fərəcova və ADA Universitetinin mühazirəçisi və Fərqlilik və İnkluziv Təhsil ofisinin direktoru Elnur Eyvazov çıxış etdilər.

 

          Qeyd edək ki, “Gələcəyini Qur!”  layihəsi bir sıra şirkətlərin sponsorluğu və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilir.