Xəbərlər
Bakı Ali Neft Məktəbində 31 mart azərbaycanlıların soyqırımı anıldı
Bakı Ali Neft Məktəbində (BANM) ilk dərslərin 31 mart soyqırımı qurbanlarının xatirəsinin anılmasına həsr edilmiş tədbirlər keçirilib. Dərslər başlamazdan əvvəl tələbələr və müəllimlər bütün auditoriyalarda 31 mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra müəllimlər tərəfindən multimedia vasitələri ilə 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələri haqqında geniş məlumat verilib. Ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı siyasəti nəticəsində erməni silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını amansızlıqla qətlə yetirib və kütləvi məzarlıqlarda dəfn ediblər.
Tələbələrin diqqətinə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırım məruz qalması faktları bütün dünyaya bəyan edilib. BANM-in müəllimləri anım tədbirlərinin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu cür tədbirlərin gənclərin arasında keçirilməsi onların tarixi həqiqətlər, soyqırım dəhşətləri haqqında daha dərindən məlumatlanmasına və vətənpərvərlik ruhunda tərbiyəsinə imkan yaradır.