Xəbərlər
BANM-də Gənclər gününə həsr olunan tədbir keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral "Gənclər günü" münasibəti ilə tədbir keçirildi. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamladı və Bakı Ali Neft Məktəbinin tələbələrini ürəkdən təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini ünvanladığını dedi. O, bildirdi ki, Azərbaycanda gənclərə qayğı dövlət səviyyəsində həyata keçirilən istiqamətlərdən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən "Gənclər siyasəti"nin əhəmiyyətindən danışan Elmar Qasımov dedi ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. O həmçinin vurğuladı ki, Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamına əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunub və bu proqram sayəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təmin olunub. E.Qasımov həmçinin 26 yanvar 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edən sərəncam imzalandığını da xatırlatdı. E.Qasımov bütün bu görülən işlərin Azərbaycan gəncliyinin inkişafına yönəldiyini və gənclərin daim dövlətimizin qayğı və diqqəti ilə əhatə olunduğunu vurğuladı.
Rektor Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin fəaliyyəti, bu müddət ərzində əldə olunan nailiyyətlərindən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Ali Məktəbin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilis dilli, peşəkar və dünya səviyyəli mühəndislər yetişdirmək olduğunu xatırlatdı. Qısa müddət ərzində bir sıra mühüm işlərin görüldüyünü və BANM-in fəaliyyətinin bu istiqamətdə qurulduğunu dedi. Elmar Qasımov BANM-in iki tələbəsinin bu ilin əvvəlində Böyük Britaniyanın Heriot-Vatt Universitetinə göndərildiyini vurğuladı. Azərbaycanın insan potensialının bünövrəsi olan gənclərin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən rektor vurğuladı ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir. O, dedi ki, məhz bu cür ali təhsil ocağının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir O, gənclərin BANM-dəki sosial-mədəni həyatı haqqında danışaraq, hərtərəfli və savadlı gənclərin gələcəkdə yüksək səviyyəli peşəkar kadrlara çevriləcəyinə əminliyini ifadə etdi. Elmar Qasımov tələbələri "Gənclər günü" münasibəti ilə bir daha təbrik etdi, onlara həm təhsildə, həm də ictimai fəaliyyətdə uğurlar arzuladı.
Hazırda Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil alan BANM tələbələri Aida Soltanova və Kamran Əliyev videogörüntü vasitəsi ilə Ali məktəbin bütün tələbələrini, o cümlədən öz qrup yoldaşlarını təbrik edərərək, bütün Azərbaycan gənclərinə öz salamlarını çatdırdılar.
Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından iştirak edən, BANM-ni müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbə gənclərin mükafatlandırılması mərasimi oldu. BANM rəhbərliyi tərəfindən tədris ili ərzində fəallıq göstərən tələbələr, BANM-də keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, III Elmi texniki konfransın, Şahmat turnirinin, o cümlədən təlim kurslarının, həmçinin müxtəlif daxili müsabiqələrin, respublika üzrə keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvləri, layiqli BANM təmsiçiləri həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olundular. Tələbələrə idman, elm və ictimai fəallığa görə müxtəlif diplom, sertifikat və hədiyyələr təqdim olundu. Bakı Ali Neft Məktəbinin 21 tələbəsi idman, 30 tələbəsi elm sahəsində, 241 tələbə isə, ictimai-təşkilati işlərdə göstərdikləri fəalliyyətə görə mükafatlandırıldılar.