Xəbərlər
BANM-də Xonça Festivalı
Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş Xonça Festivalı keçirildi. Festival Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzi tərəfindən təşkil olunmuşdur. Tələbələr 14 müxtəlif komanda tərkibində tədbirdə iştirak etdilər.
Novruz bayramının ölkəmizdə, xüsusilə gənclər arasında geniş qeyd edilmə ənənəsi mövcuddur. Səməni və boyanmış yumurtalar Novruzun xüsusi simvollarıdır. Eyni zamanda, yumurta döyüşdürmək kimi bir adətimiz də var. BANM-in tələbələri və müəllim kollektivi Novruzu birgə qeyd edərək onu hazırlıq kursunun ən yaddaqalan xatirəsinə çevirdilər.
Festival çərçivəsində üç müsabiqə təşkil olunmuşdur: Xonça müsabiqəsi, yumurta döyüşü və şirniyyatın sürətlə yeyilməsi. Festivalda tələbələr tərəfindən bəzədilmiş rəmzi məna daşıyan 20 xonça təqdim edilmişdir. Xonçalara düzülmüş şirniyyatlar və səmənilər insanların könlünə yaz, təzəlik ab-havası gətirməklə tədbirdə xüsusi bayram əhval-ruhiyyəsi yaratmışdır.
Xonça müsabiqəsində ən zövqlü tərtibata görə “İngilis N2” qrupu qələbə kubokunu qazanmışdır. Yumurta döyüşü müsabiqəsinin qalibi BANM-in “Neft-Qaz Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Asəf Səfərov oldu. Şirniyyatların sürətlə yeyilməsi müsabiqəsində Ali Məktəbin “Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərid Tağıyev qalib gəldi. BANM-in rektoru Elmar Qasımov qalib gəlmiş tələbələri xüsusi qeyd edərək bütün festival iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi.