Xəbərlər
BANM-də Sinerji Elmi Diskussiyalar Klubunun seminarı
Bakı Ali Neft Məktəbində (BANM) “Sinerji” Elmi Diskussiyalar Klubunun növbəti seminarı keçirildi. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Seminarda klubun elmi koordinatoru, Ali Məktəbin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Fuad Vəliyev “İdarəçilikdə Etika və Davranış prinsipləri (Qərb təcrübəsi)” mövzusunda təqdimatla çıxış etdi.
Məruzəçi çox sayda mənbələrə, tarixi faktlara və öz şəxsi təcrübəsinə əsaslanaraq Qərb ölkələrində idarəçilik sisteminin əsas konsepsiyaları, etika və davranış prinsiplərinin əsas xüsusiyyətləri, etik qərar qəbuletmə kriteriyaları, şəxsiyyətin mənəvi inkişaf pillələri, etik strukturlar, ictimai fəaliyyətdə şəxsi keyfiyyətlərin müxtəlif davranış təzahürləri, şəxsi davranışı müəyyən edən motivasiya sistemləri, mənəvi dəyərlər barədə geniş məlumat verdi.
Diskussiya tələbə və professor müəllim-heyəti arasında müzakirələr, sual-cavab, mövzu ətrafında səsləndirilən fikirlərlə yekunlaşıb.
Qeyd edək ki, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun yaradılmasında əsas məqsəd tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri dəqiq və humanitar elmlər, mühəndislik üzrə yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaq, elmi-praktiki diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək, onlarda yaradıcılıq vərdişləri, diskussiya aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaq. Klubun fəaliyyəti dövründə müxtəlif aktual mövzularda aparıcı elm adamlarının, yerli və xarici mütəxəssislərin, idarə və müəssisə rəhbərlərinin məruzələri dinlənilməsi, disputlar, dəyirmi masalar, tələbələrin elmi-texniki-humanitar mövzularda çıxışları, onların tədqiqat işlərinin müzakirəsi, informasiya mübadiləsi nəzərdə tutulur. Klubun gələcək diskussiyalarında BANM-in heyəti ilə yanaşı, maraqlanan hər kəs iştirak edə bilər.