Xəbərlər

BANM-də Ümumdünya Mülki Müdafiə Günü

          Bakı Ali Neft Məktəbində (BANM) 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Ali Məktəbin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” adlı tədbir keçirildi.

 

          Tədbirdə çıxış edən BANM-in Mülki müdafiə və hərbi səfərbərlik üzrə mühəndisi Aris Rzayev bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən 1 mart tarixi Ümumdünya  Mülki  Müdafiə  Günü  kimi  qeyd  olunur.  Azərbaycan 1993-cü ildə bu  təşkilatın üzvlüyünə qəbul edilib.

 

          Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Mülki Müdafiənin əsas üsul və vasitələri – insanların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir.

 

          Tədbirdə BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov, İnzibati-təsərrüfat işləri üzrə prorektor Oqtay Rzayev, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov çıxış edərək, bildirdilər ki, belə tədbirlər mülki müdafiənin vacibliyi və həyati əhəmiyyəti barədə işçilərin maarifləndirilməsinə xidmət edir. Sonda təbii fəlakətlər haqqında videoçarx nümayiş olunub.