Xəbərlər

BANM-də Təhsil və media dialoqu mövzusunda praktik konfrans keçirildi

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Təhsil və media dialoqu" mövzusunda praktik konfransın ikinci paneli keçirildi.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanın media nümayəndələrinin, tanınmış KİV rəhbərlərinin BANM-də toplanmasının əlamətdar bir hadisə olduğunu bildirdi. Bakı Ali Neft Məktəbinin tarixi haqda danışan rektor rəhbərlik etdiyi Ali Məktəbin qısa zaman kəsiyində əldə etdiyi uğurları və fəaliyyəti haqqında qonaqlara məlumat verdi. Elmar Qasımov dedi ki, BANM-in yaradılmasında məqsəd Azərbaycanda yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş və dünya səviyyəli yerli mütəxəssislərin hazırlanmasıdır və bu məqsədlə Ali Məktəbdə tədris və təlim-tərbiyə məsələlərinə böyük əhəmiyyət verilir. BANM-in KİV ilə əməkdaşlığa da xüsusi əhəmiyyət verdiyini deyən rektor E.Qasımov bu sahədə Ali Məktəbin bütün KİV ilə əlaqələrini genişləndirdiyini bildirdi.

Sonra Bakı Ali Neft Məktəbi haqqında videoçarx nümayiş olundu.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun mütəxəssisi Samir Paşayevin moderatorluğu ilə "Sosial mediada necə təqdim olunmalı?" mövzusu ətrafında müzakirələr aparıldı. Bakı Dövlət Universitetinin "Jurnalistika" fakulətsinin RTV kafedrasının müdiri Aynur Kərimova "Sosial media "media"dırmı?", "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı "Onlayn mediada nə üstündür - tezbazar, yoxsa ..." mövzusunda çıxış etdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov professor, mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeni alması münasibətilə tədbir iştirakçıları adından təbrik etdi və ona Təhsil Nazirliyi adından mukafat təqdim etdi.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Şirməmməd Hüseynova BANM-in "Fəxri qonaq" diplomunu təqdim etdi.

Sonda tədbirdə iştirak edən KİV təmsilçiləri və tədbir iştirakçılarına BANM tərəfindən hədiyyələr verildi.