Xəbərlər

BANM və ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum

Dekabrın 3-də Bakı Ali Neft Məktəbi və ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirildi.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs etdi. Azərbaycanın dünyada sənayə üsulu ilə ilk neft çıxaran ölkə olduğunu vurğulayan Elmar Qasımov neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırdı. ARDNŞ–nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan rektor BANM-in əsas məqsədinin Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir ingilis dilli yüksək ixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsi olduğunu bildirdi. Rektor, həmçinin qonaqlara Ali Məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları, perspektivləri və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlığı haqqında ətraflı məlumat verdi. Bundan başqa, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Üçillik fəaliyyətinə baxmayaraq Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yer tutan BANM-də olmasından məmnunluq bildirən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov "ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda qeyd olundu ki, 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145.000 nəfərdən artıq işçiyə sahibdir. Çıxışında R.Qasımov şirkətin başlıca olaraq 5 əsas istiqamət üzrə məhsul (elektrik cihazları, elektrik sistemləri, mühərriklər və enerji ötürücüləri, minimal gərginlikli məhsullar, proseslərin avtomatlaşdırılması avadanlıqları) və xidmətlər təklif etdiyini qeyd etdi.

Tədbirdə iştirak edən Böyük Britaniya parlamentinin üzvü və Baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda Ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-muəllim heyəti və tələbələr qarşısında çıxış etdi. O BANM-də olmasından məmnunluğunu dilə gətirdi. Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında nəinki energetika və humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğuladı. Sonra C.Hendri tələbələrin çoxsaylı suallarını cavablandırdı.

Tədbir çərçivəsində BANM-in rektoru E.Qasımov Ç.Hendrini Ali Məktəbin "Fəxri qonaq" diplomu ilə təltif etdi.

Tədbirdə iştirak edən Heriot-Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı Prof. Stefen Makloxlin BANM və Heriot-Vatt universiteti arasında əməkdaşlıqdan söz açdı və bu iki ali təhsil ocağı arasında əlaqələrin dinamik inkişafından danışdı. O, təmsil etdiyi ali məktəblə BANM arasında uğurlu ikitərəfli əməkdaşlığın mövcudluğunu bildirdi.

Sonra Bakı Ali Neft Məktəbi ilə ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı.

Tədbirdə həmçinin, Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi, İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Abişer, hər iki səfirliyin nümayəndələri və şirkət təmsilçiləri iştirak etdilər.

Sonda xatirə şəkili çəkildi.