Xəbərlər

BANM-ın tələbələrinin Heydər məscidinə səfəri təşkil olunmuşdur

BANM-ın tələbələrinin Heydər məscidinə səfəri təşkil olunub. Səfər zamanı tələbələrə məscid haqqında ətraflı məlumat verilib. Heydər məscidinin Azərbaycanın ən böyük məscidi və multikultural mərkəzi olduğu tələbələrin diqqətinə çatdırılıb. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin tikintisi ilə bağlı müvafiq Sərəncamı verdikdən sonra 2012-ci ilin sentyabr ayında məscidin tikinti işləri başladılmışdır. İki il altı ay ərzində möhtəşəm memarlıq əsəri yaradılmışdır. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır. 

 

2014-cü ilin dekabrında məscidin açılışında çıxış edən İlham Əliyev demişdir: “Məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət etmişdir. Onun rəhbərliyi altında Azərbaycan qabaqcıl respublikaya çevrilmişdir “ 

 

Onu da əlavə edək ki, təşkil olunan bütün bu təşəbbüslər Ali Məktəbdə təhsil alan tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, tələbələr arasında sağlam düşüncə, vətənpərvərlik, tolerantlıq və dövlətçilik ideologiyasının inkişaf etdirilməsi məqsədini daşıyır.