Xəbərlər
BANM-də Türkmənistan günü
Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin I katibi - konsul Batır Recepov və səfirliyin məsul əməkdaşları Bakı Ali Neft Məktəbində (BANM) olublar. BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı professor Rəna Mustafayeva tədbiri giriş nitqi ilə açaraq Ali Məktəbin rektoru adından qonaqları salamlayıb. Fakültə dekanı Türkmənistan-Azərbaycan əlaqələrindən, bu əlaqələrin iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişafından danışıb. Rəna Mustafayeva BANM haqqında qonaqlara məlumat verərək, bu ali təhsil müəssisəsinin respublikada nüfuzlu Ali Məktəb olduğunu vurğulayıb.
Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyinin I katibi - konsul Batır Recepov səmimi görüşə görə təşəkkür edib. O, Türkmənistanın 25 illik müstəqillik dövründə keçdiyi siyasi, iqtisadi inkişaf yolunun tarixindən danışıb. Batır Recepov Türkmənistan dövlətinin uğurları və ölkədə həyata keçirilən iri miqyaslı layihələr haqda məruzə ilə çıxış edib.
Tədbir iştirakçıları, həmçinin səfirlik tərəfindən təqdim edilmiş kitabların sərgisi ilə tanış olublar.