Xəbərlər

Bakı Yay Neft Məktəbinin alman iştirakçıları: Ölkəniz bir çox məqamlara görə özünəməxsusdur

Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən 14-24 sentyabr 2016-cı il tarixlərində Bakı Yay Neft Məktəbi keçirilmişdir. Proqramda iştirak etmiş iki alman tələbə - Fridrix Aleksandr Universitetinin tələbəsi Barbora Masarikova və Darmştat Texniki Universitetinin tələbəsi Vaxter Franz Maksimiliandan proqram barədə təəssüratlarını bizimlə bölüşmələri üçün müsahibimiz olmalarını xahiş etdik.

 

Nə üçün məhz Azərbaycanda keçirilmiş Yay Neft Məktəbini seçdiniz və gözləntiləriniz nədən ibarət idi?

Barbora: İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı və beynəlxalq araşdırmalar ixtisasının magistr tələbəsi olaraq Latın Amerikası və Orta Asiya ölkələrinin iqtisadi inkişafı ilə yaxından maralanıram. Fikrimcə, Azərbaycanın bu region ölkələri ilə bir çox ümumi cəhətləri var, lakin, sonradan anladım ki, ölkəniz bir çox məqamlara görə özünəməxsus bir ölkədir. Öyrəndim ki, Azərbaycanın zəngin neft və qaz resurslarında maraqlı olan bir çox ölkələrin Azərbaycanın çoxəsrlik tarixi boyunca siyasi, iqtisadi, sosial və mədəni inkişafında böyük təsiri olub. Nəticədə, bu gün ölkəniz bir çox mədəniyyətlərin qovuşduğu bir məkana çevrilib.

Maksimilian: Mən mühəndislik elmi üzrə təhsil alıram və bu ixtisasın mümkün olduqca daha fərqli aspektlərini öyrənmək arzusunda idim. Bilirəm ki, Azərbaycanın yüksək inkişaf etmiş neft-qaz sənayesi var, mühəndislik isə neft və qazın istehsalı prosesində olduqca böyük əhəmiyyət kəsb edir. Bu sahə bütün neft-qaz obyektlərinin tikintisində başlıca və əsas prinsip rolunu oynayır. Bu obyektləri öz gözlərimlə görməyi o qədər çox arzulayırdım ki, onları əvvəllər heç vaxt görməmişdim!

Buraya gəlməzdən öncə Azərbaycanda neft-qaz yataqlarının işlənməsi ilə bağlı bir neçə məqalə oxumuşdum. Sevindim ki, arzularımı reallaşdıra bildim. Sadəcə müasir obyektləri deyil, həm də hələ də neft çıxan qədim buruqları görmək möhtəşəm idi. Gecələr dənizdəki neft platformalarından gələn işıqlara tamaşa edir və bu dəniz qurğularının gücü və mürəkkəbliyi barədə düşünürdüm. Lakin heç bir neft sızması və ya onun ekologiyaya mənfi təsirinin şahidi olmadım. 

 

Proqram və səfərin gündəliyindən razı qaldınızmı? BANM-in tələbəsi rolunda özünüzü necə hiss etdiniz?

Barbora: Neft sənayesi üzrə ixtisaslaşmadığıma baxmayaraq, bu sektorun Azərbaycanda inkişafı barəsində öyrənmək mənə çox maraqlı idi. Xüsusilə, müəllimlərimiz sayəsində bu sahəni öyrənmək əla idi. Bizə dərs keçən professorlar sözün əsl mənasında mütəxəssis idilər, qonaqpərvərlik yüksək səviyyədə idi, müəllimlərin sual və müzakirələrə açıq olması məni yaxşı mənada təəccübləndirdi. Bu, olduqca həvəsləndirici məqamdır və mən Ali Məktəbə böyük uğurlar arzulayıram.

BANM haqqında kifayət qədər məlumat öyrəndik və rektorla görüşdük. Onun vaxt ayıraraq bizimlə görüşməsini yüksək qiymətləndiririk. Həmçinin, yeni qəbul olunmuş tələbələrlə keçirilən görüşdə iştirak etmək də məni olduqca məmnun etdi. Onlar çox çalışqan və ağıllıdırlar. Ali Məktəbin yeni kampusu möhtəşəm görünür və hesab edirəm ki, rəhbərlik tələbələr üçün yüksək keyfiyyətli təhsil verir. Bundan başqa, gördüm ki, tələbələr belə bir yanaşmanı və Azərbaycanda ən yaxşı ali təhsil müəssisəsində təhsil almalarını yüksək qiymətləndirirlər. 

 

Maksimilian: Proqram həm çox istiqamətli, həm də tədris yönümlü idi. Qərb universitetlərindən fərqli olaraq, buradakı proqram daha interaktiv idi. Müəllimlər həqiqətən çox yaxşı və geniş dünya görüşünə sahib idilər. Həm də azərbaycanlı tələbələrlə görüşmək və onların nə qədər istedadlı və həvəsli olduqlarını görmək üçün geniş imkanımız oldu.

Barboranın da dediyi kimi, yeni tədris ilinin açılışı münasibəti ilə keçirilən tədbirdə iştirak etməyə dəvət olunmuşduq və bu, mənim üçün kifayət qədər qeyri-adi idi. Rektor Elmar Qasımov BANM-ə qəbul olmuş tələbələri şəxsən təbrik etdi və belə başa düşdüm ki, bu ali məktəbin tələbəsi adını qazanmaq üçün gənclər arasında yüksək rəqabət mövcuddur. Hesab edirəm ki, BANM olduqca müasir ali məktəbdir və müasir texnologiya və tədris avadanlıqlarının tətbiqi baxımından digərlərindən fərqlənir. Burada olduqca səmimi münasibətlə qarşılaşdım, bu isə səfərimizin daha da xoş keçməsinə səbəb oldu.

Bununla belə, həm də onu vurğulamaq istərdim ki, bu səfər yalnız tədris baxımından əhəmiyyətli olmadı. Proqram koordinatorlarımız ölkəniz və insanlarınız haqqında daha çox məlumat əldə etmək üçün bizə bir çox imkanlar yaratmışdılar. Proqram olduqca xoşuma gəldi və BANM və Bakıda keçirdiyim vaxtdan məmnun qaldım.  

 

Ümumiyyətlə, Azərbaycan haqqında təəssüratlarınızdan bəhs edə bilərsinizmi?

Barbora: Çox sayda gözəl yerlərdə olduq. Bilirdim ki, Azərbaycan və onun paytaxtı Bakı sürətlə inkişaf edir, lakin şəhərdə müasir göydələnləri və tarixi binaları bir yerdə görəcəyimi gözləmirdim. Gördüm ki, muzeylər və digər memarlıq abidələri bərpa olunub. Bakı sürətlə inkişaf edən şəhərdir, üstəlik onu bu dərəcədə təmiz görmək məni təsirləndirdi. Bura gəlməzdən öncə əmin idim ki, Almaniya ən təmiz yerdir, lakin artıq fikrimi dəyişmişəm!

 

Qafqazın ən qədim şəhərlərindən olan Şəkiyə səfərimiz fantastik idi. Şəki Xan Sarayı çox gözəldir və hamımızda uzun müddət qalacaq təəssüratlar oyatdı. Təbiət olduqca gözəldir, dağlar isə möhtəşəmdir. Etiraf etməliyəm ki, artıq çəkidə bir neçə kilo artmışam, çünki yeməkləriniz hədsiz dərəcədə ləzzətlidir. Xüsusilə, qutabı çox bəyəndim, onu həyatımda ilk dəfə idi ki dadırdım. Daha sonra Azərbaycan çayı içdik. Heç zaman düşünməzdim ki, bir fincan çay içmək üçün xüsusi mərasim ola bilər, bu unudulmaz idi! Sanki çay içmək mədəniyyəti Azərbaycanın hər yerində mövcuddur. Ətirli çayınızı, halva kimi ləziz şirniyyatlarınızı, müxtəlif mövzularda söhbətlərimizi və bütün bunların bir yerdə mövcud olduğu gözəl ölkənizi hər zaman xatırlayacam.    

 

Maksimilian: Yalnız onu əlavə edə bilərəm ki, Şəki, Qobustan və Atəşgaha səfərlərimiz heç zaman ağlıma gəlməyəcək şeylər idi. Barboranın dedikləri ilə razıyam və təsdiq edə bilərəm ki, yeməkləriniz olduqca dadlıdır. Vegeterian olmağıma və ət yeməklərinin mətbəxinizin mühüm parçası olmasına baxmayaraq, gördüm ki, yerli çörək, pendir, meyvə və tərəvəzləri yeməmək mümkün deyil, pomidorlar isə lap əla idi.

Bir çox maraqlı yerlərə getməyimizə baxmayaraq, getdiyimiz hər yerə neft obyektlərini axtarırdım. Bakı ətrafı ərazilərə və regionlara səfər edərkən Bibi-Heybət məscidinin yanından keçirdik. Olduqca gözəl memarlıq üslubu var, lakin məni ən çox təəccübləndirən məqam məsciddən çox da uzaqda olmayan yeni Şah Dəniz qaz platformasının görünüşü idi. Bunlar Barboranın Bakı və onun memarlığı haqqında dediklərinin bariz nümunələridir. Bakı müasirlik və qədimliyin harmoniyasını əks etdirən, sənaye nəhənglərinin mədəni abidələrə yaxın yerləşə biləcəyi və təhsilin əyləncə qədər xoş ola biləcəyi bir şəhərdir. Buraya yenidən səfər etməyi və Azərbaycan və xalqınızın yeni nailiyyətlərini görməyi çox arzulayıram.  

 

Azərbaycanda keçirdiyiniz günlərdən ən çox nələr yadınızda qalacaq? Bir neçə kəlmə ilə təəssüratlarınızı ailəniz və dostlarınıza neçə izah edərdiniz?

Maksimilian: Ən çox xatirimdə qalan Atəşgaha olan səfər idi.  Bu məbəd Azərbaycanın nə üçün Odlar Yurdu adlandırıldığını və bunun mənasını anlamağıma kömək etdi. Bura qədim mənzərənin əsrlər boyu necə qorunub saxlanmasının, eyni zamanda tarixin müasir Azərbaycan və onun təbii nefti və qazı ilə bağlılığının təsviridir.  

 

Barbora: Neft sənayesinə addım atmaq məni məmnun etdi. Hesab edirəm ki, iştirak etmək üçün bundan daha yaxşı yay məktəbi seçə bilməzdim, gözlədiyimdən çox yaxşı oldu. Şəxsən şahidi oldum ki, Azərbaycanda ən yaxşı olan onun insanlarıdır. Onlar çox səmimi və qonaqpərvərdilər. Buraya gəldiyim ilk andan etibarən xoş münasibətlə rastlaşdım. Azərbaycan xalqına səmimi qəlbdən hər şeyin yaxşısını arzu edirəm, çünki onlar ölkənizin həqiqi xəzinəsidir!