Xəbərlər

Teymur Sadıxovun BANM-də möhtəşəm çıxışı

Bakı Ali Neft Məktəbində (BANM) NASA-da çalışmış məşhur Azərbaycanlı gənc alim Teymur Sadıxov tələbələr üçün seminar keçdi. Tədbirdə BANM-in 300-dək tələbəsi iştirak edirdi.

 

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov seminar iştirakçılarını salamlayaraq, Azərbaycanlı gənc alim Teymur Sadıxovun təqdim edəcəyi seminarın tələbələr tərəfindən böyk maraqla qarşılanacağına əmin olduğunu bildirdi. Rektor Elmar Qasımov BANM-in tələbələrinin tanınmış ziyalı və gənc alimlərlə görüşlərinin onların formalaşmasında, hərtərəfli dərin biliklərə yiyələnməsində böyük əhəmiyyət daşıdığını dedi.

 

Azərbaycanlı gənc alim Teymur Sadıxov seminar iştirakçılarını salamladı. O, öz-özünü idarə edən maşınlar, çoxrobotlu sistemlər, hava robotları və otel robotları haqqında geniş məlumat verdi. Təhsil və elmlə yanaşı, insani yanaşmanın və insanların bir-birinə olan diqqətinin vacibliyini xüsusi qeyd edən Teymur Sadıxov ixtisasda qazanılan uğurun sirrini insanların məşğul olduğu sahəni nə qədər sevməsi və həmin sahəyə nə qədər bağlı olmağı ilə əlaqələndirdi.

 

Seminar tələbələrin çoxsaylı  sualları ilə davam etdi və geniş müzakirələr aparıldı.

 

Qeyd edək ki, Teymur Sadıxov Şimali Amerika Mercedes-BenzTədqiqat və İnkişaf şirkətində (Kaliforniya) intellektli nəqliyyat vasitələri üzrə baş mühəndis olaraq pilotsuz avtomobillər (özügedən avtomobillər) ilə bağlı idarəetmə, proqramlaşdırma və qərar vermə fəaliyyətlərini icra edir. T.Sadıxov Bakıda anadan olub. Bakalavr dərəcəsini 2008-ci ildə İstanbul Texniki Universitetində aviasiya mühəndisliyi üzrə almış, universitetin tarixində 4.0 ortalama balla universiteti bitirən yeganə tələbə olmuşdur. Bakalavr təhsilini aldığı müddətdə bir sıra mükafatlara layiq görülmüşdür ( BP, İstanbul Texniki Universiteti Fondu, Nippon Fondu və Azərbaycan-Türkiyə dövlət təqaüdü) 2010-cü ildə T.Sadıxov Kaliforniya Universitetində Mühəndislik Elmləri (Mexanika mühəndisliyi istiqamətində) üzrə magistr dərəcəsini almışdır. Bu universitetdə Teymur Sadıxov Pauel təqaüdü ilə təhsil alıb. 2015-ci ildə Corciya Texnologiya İnstitutunda riyaziyyat üzrə magistr və aviakosmik mühəndisliyi üzrə PhD dərəcələrinə yiyələnmişdir. Onun Ph.D. işi ABŞ Hava Qüvvələrinin Elmi-Tədqiqat İdarəsi və NASA Drayden Aviasiya Elmi-Tədqiqat Mərkəzi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin yay aylarında Birləşmiş Texnologiyalar Tədqiqat Mərkəzinin Avtomatik və İntellektual Robototexnika Laboratoriyasında avtomatik helikopterlərdə trayektoriyanın proqramlaşdırılması sahəsində dəvətli tədqiqatçı olaraq çalışıb. 2014-2015-ci illərdə NASA Reaktiv Laboratoriyasında (Kaliforniya) Robot Sistemlərinin Qiymətləndirilməsi və İdarəedilməsi üzrə qrupda tədqiqatçı olaraq avtomatik yer nəqliyyat vasitələrinin lokallaşdırılması və çox istiqamətli hərəkət trayektoriyasının proqramlaşdırılması üzərində çalışıb. Dr. Sadıxovun elmi-tədqiqat maraqlarına robotika, proqnozlaşdırma modelləri əsasında idarəetmə, hərəkətin proqramlaşdırılması, qeyri-xətti idarəetmə və qiymətləndirmə və çoxkomponentli sistemlərin idarəedilməsi daxildir. Azərbaycan, türk və rus dillərində sərbəst danışır. Dr. Sadıxovbir çox seminar və konfranslarda məruzəçi kimi çıxış etmiş və bir sıra şirkətlər üçün konsaltinq xidmətləri göstərmişdir.