Xəbərlər
BANM-də tələbələrin qeydiyyatı prosesi başa çatıb
Bakı Ali Neft Məktəbində (BANM) 2016-2017-ci tədris ilində qəbul olmuş tələbələrin qeydiyyatı prosesi başa çatıb. BANM-in rektoru Elmar Qasımovun TQDK-nın təşkil etdiyi test imtahanlarının nəticələri əsasında 2016-cı ildə Bakı Ali Neft Məktəbinə qəbul olunan abituriyentlərin qeydiyyatının təşkili haqqında müvafiq əmri ilə işçi qrup yaradılıb və sözügedən qrup avqust ayının 15-dən 26-dək fəaliyyətini davam etdirib. Tələbə-gənclərin qeydiyyatı zamanı onları maraqlandıran bütün suallar cavablandırılıb. İşçi qrup tələbələrin çevik şəkildə qeydiyyata alınmaları və sənədləşmənin düzgün aparılmasını həyata keçirib.
Birinci kurs tələbələrinin qeydiyyatı 3 ixtisas - Neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə aparılıb. Qeydiyyat zamanı Ali Məktəblə tələbələr arasında imzalanan ikitərəfli müqavilədə nəzərdə tutulmuş öhdəliklər onlara aydın izah edilib.
Qeyd edək ki, 2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan 3 tələbədən 2-si Bakı Ali Neft Məktəbində qeydiyyatdan keçib. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub. Məlumat üçün bildirək ki, yeni tədris ilində BANM-də 135 nəfər tələbə qəbulu planı olub.
Eyni zamanda, tələbələrin ingilis dili və İKT biliklərinin səviyyəsinin müəyyənləşdirilməsi prosesi aparılıb və bunun nəticəsində tələbələr bilik səviyyələri üzrə qruplara bölünüblər.
BANM-in rəhbərliyi və kollektivi bir daha Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələri ürəkdən təbrik edir, onlara həyatda və təhsildə yeni-yeni uğurlar arzulayır!