Xəbərlər

Üç qardaşın bir hədəfi – BANM

Rəşad Nəzərəliyev Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasında təhsil alır, artıq IV kursa keçib, BANM-ə 677 bal toplayaraq qəbul olub. Bu ilki qəbul imtahanında isə onun iki qardaşı - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayıb. Hər iki abituriyent artıq seçimini edib – ixtisas seçimində hər ikisi Bakı Ali Neft Məktəbini, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçiblər. Bir ailənin üç övladı BANM-i seçib, üç qardaşın bir hədəfi çox abituriyentlərin uğuruna imza olan BANM olub. Onlarla söhbətimiz də elə üçlükdə oldu. Müsahiblərimin hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıblar. İlk sualı əkiz qardaşlara ünvanladıq:

 

Orta məktəbdə daha çox hansı fənnlərə marağınız var idi?

Nurlan Nəzərəliyev:

 Orta məktəbdə keçilən fənnlərin hamisini oxuyurdum, bununla belə riyaziyyati daha çox oxuyurdum. Bizim məktəbdə güclü riyaziyyat keçirdilər. Anam da riyaziyyat müəllimidir. Ədəbiyyatı, tarixi fənn kimi oxumuşuq.

Rəvan Nəzərəliyev

Qardaşımla eyni məktəbdə oxumuşuq, əlaçı olmuşuq.  Riyaziyyata daha çox meyl etmişik. Digər fənnlərin də hamısını oxuyurduq.

 

Yüksək bal toplamağınıza yəqin ki çox sevindiniz? Qardaşınız da sevinib...

Rəşad Nəzərəliyev:

Mən bu xəbəri Çilov adalarında təcrübədə olanda eşitdim, bildiyiniz kimi, BANM tələbələri hər yay müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlıər. Mən də bu il Çilova düşmüşəm. Mənə dedilər ki, qardaşlarım haqqında artıq məlumat çıxıb, hər ikisi yüksək bal toplayıb. Çox sevindim.

Rəvan Nəzərəliyev:

Balımızın yüksəl olduğunu cavabları yoxladıqdan dərhal sonra bildik. Çox sevindik. Babam və anam daha çox sevindilər.

Nurlan Nəzərəliyev:

Əlbəttə, sevindik. Qardaşım 700 bal yıdı, mənim balım isə bir qədər az oldu. Mən 685 bal toplamışam.

 

Niyə BANM-i və bu ixtisası seçdiniz?

Hər ikisi birlikdə bu sualımızı cavablandırır:

İxtisas seçimində Elmar müəllimin də rolu oldu. O, bizi Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan bir neçə tələbə ilə görüşdürdü və tələbələr bizə bu ixtisas  haqqında geniş məlumat verdilər. Bizdə bu ixtisasa maraq oyandı.

Rəşad müdaxilə edir:

Əslində hər ikisinin uşaqlıqdan kompüterə maraqları var idi. Buna görə də ailədə də məsləhət gördük ki, “avtomatika”nı seçsinlər.

Rəvan Nəzərəliyev:

Qardaşım Rəşad 677 balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olanda biz də bu ali məktəbə daxil olmağa qərar verdik. Qardaşım Rəşad BANM-də oxuduğu müddətdə bu ali məktəbin rəhbərliyinin ciddi nizam-intizam yaratmasından, müəllimlərin səmimi, istiqanlı və qayğıkeş olmasından danışırdı. Ali Məktəb hər ay tələbələrin müxtəlif opera və dram tamaşalarına getməsini təşkil edir. Bundan başqa, rəhbərlik tez-tez SOCAR və eləcə də digər transmilli şirkətlərin rəhbərləri, mühəndisləri ilə görüşlər təşkil edir. Bütün bunlar bizə çox  maraqlı gəldi.

Nurlan Nəzərəliyev:

BANM-də dərslər ingilis dilində tədris olunur. Tədris yüksək səviyyədədir. Məzunlar işlə təmin olunur. BANM-də təhsil alan tələbələrin hamısı yüksək ballı olduğu üçün tələbə kontingenti yüksək səviyyəlidir. Biz həmişə  belə tələbələrlə bir yerdə təhsil almağı arzulamışıq.

 

Burada uğur qazanacağınıza inanırsınızmı?

Nurlan Nəzərəliyev:

Əminik ki. ölkəmizin inkişafında mühüm rol oynayan gənclərdən biri olacağıq.

Rəvan Nəzərəliyev:

İnanıram ki, BANM-də təhsil alaraq ölkəmizin inkişafında önəmli şəxslərdən birinə çevriləcəyik.

Sonda müsahiblərimiz Nurlan və Rəvan bu uğurlarına görə öz valideynlərinə, müəllimlərinə - ibtidai sinif müəllimi Nazilə müəllimə, sinif rəhbəri Züleyxa müəllimə, riyaziyyat müəllimi Sevda müəllimə, Solmaz müəllimə, Elçin müəllim və Eldəniz müəllim, fizika müəllimi Südabə müəllimə və Anar müəlim, kimya müəllimi Ceerey müəllimə, Azərbaycan dil və ədəbiyyatı müəllimi Əsli müəllimə, ingilis dili müəllimi Gültəkin müəllimə təşəkkür etdilər.