Xəbərlər
BANM beynəlxalq konfransda təmsil olunub
Bakı Ali Neft Məktəbinin (BANM) Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov Gürcüstanın Tbilisi şəhərində keçirilən “Qlobal və regional kontekstdə universitetin rolunun dəyişməsi” mövzusuna həsr olunmuş Qara Dəniz Regionu Universitetləri Şəbəkəsinin rektorlarının 12-ci konfransında iştirak edib.
Konfransın “Rəqəmsallaşdırmanın dəstəklənməsi və İnternet texnologiyalarının gələcəyi ilə bağlı cari çağırışlar” mövzusuna həsr olunmuş 1-ci sessiyasında professor Ramiz Hümbətov “Mütəxəssis hazırlığına yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə BANM-in yaranma tarixi, qarşısında duran vəzifələr, tədrisin təşkili, beynəlxalq əlaqələri, tədrisin istehsalatla sıx əlaqəsinin təmin olunması, tələbələrin elmi fəaliyyətə cəlb olunması, Ali Məktəbin 4 illik fəaliyyətinin uğurları və onların əldə olunmasını təmin edən faktorlar haqqında məlumatlar əks olunub.
O, konfrans iştirakçılarının Bakı Ali Neft Məktəbinin fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Ramiz Hümbətov konfransda iştirak edən “Folksvagen Fondu”nun Baş katibi doktor Vilhelm Krul ilə BANM-in gənc müəllimlərinin Almaniyanın müxtəlif universitetlərində doktorluq proqramlarına qoşulmasına cəlb olunması imkanlarını müzakirə edib və bu məsələ ilə bağlı tərəflər arasında razılıq əldə edilib.
Konfransın digər sessiyalarında Gürcustanın, Türkiyənin, Yunanıstanın, Albaniyanın, Ruminiyanın, Bolqarıstanın, Ukraynanın, Rusiyanın Qara Dəniz Regionu Universitetləri Şəbəkəsinə üzv olan ali təhsil müəssisələrinin rəhbərləri Qara Dəniz regionunda sosial və mədəni dialoqların açılmasına yeni yanaşma, ehtiyatların dayanıqlı idarə edilməsi üçün innovasiya fəaliyyətinin dəstəklənməsi, cəmiyyətdə innovasiyaların dəstəklənməsində universitetlərin təşəbbüs mərkəzi olması məsələləri ilə bağlı təqdimatlar edib və mühazirələr aparıblar.
Konfransın proqramı çərçivəsində professor Ramiz Hümbətov bir sıra işgüzar görüşlər də keçirib.
Ukraynanın Yuri Kondratyuk adına Milli Texniki Universitetinin rektoru professor Vladimir Onişenko və Vinnitsa Milli Aqrar Universitetinin rektoru Viktor Mazur ilə görüşüb. BANM-lə hər iki üniversitetin əməkdaşlıq əlaqələrinin yaradılması, Vinnitsa Milli Aqrar Universiteti ilə bərpaolunan enerji üzrə hazırlanmış layihə ətrafında geniş müzakirələr aparılıb və birgə fəaliyyət üzrə ilkin razılaşmalar əldə olunub.
Sonra professor Ramiz Hümbətov Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Assambleyasının işində və 12-ci konfransın proqramı çərçivəsində sosial-mədəni tədbirlərdə iştirak edib.