Xəbərlər
BANM Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirir
SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Konfransının açılış mərasimi keçirildi
Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransının açılış mərasimi keçirildi. Tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edir.
Açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək Ulu öndərə hörmət və ehtiram nümayiş etdirdilər.
Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək beynəlxalq konfransın, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi, müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunduğunu, Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə, bu dahi insanın xatirəsinə böyük hörmət və ehtiramın ifadəsini özündə əks etdirdiyini bildirdi. Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu dedi.
SOCAR-ın birinci vitse-prezidenti, Konfransın Proqram Komitəsinin sədri, akademik Xoşbəxt Yusifzadə Heydər Əliyevin Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərindən söz açaraq beynəlxalq konfransın işində uğurlar arzuladı.
Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən söz açdılar və konfransa uğurlar arzuladılar.
Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 70 nəfər mütəxəssis və ekspertlər Bakıya gəliblər. Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı konfransda iştirak edir. Beynəlxalq konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edəcək. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.