Xəbərlər
BANM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Tələbələrin 4-cü elmi-texniki konfransı keçirilir
Aprel ayının 19-dan 22-dək Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Tələbələrin 4-cü elmi-texniki konfransı keçirilir. Konfransda BANM-in rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli və SOCAR-ın, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.
Konfransın plenar iclasından öncə Ümummilli lider Heydər Əliyevin Ali Məktəbin foyesindəki büstü önünə gül dəstələri düzülüb.
Plenar iclası giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor öz fəaliyyətində tədrisin elmlə vəhdətini təmin etməyi prioritet hesab edən Bakı Ali Neft Məktəbində tələbələrin elmi işlərə cəlb olunması üçün daim məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. Elmar Qasımov elmi-texniki konfransların keçirilməsində məqsədin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə hörmət hisslərini nümayiş etdirmək, tələbələrə elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təmin etmək olduğunu bildirib. Tələbələri elmi fəaliyyətə təşviq etmək məqsədilə 2016-cı ildən başlayaraq Bakı Ali Neft Məktəbində “İlin gənc tədqiqatçısı” müsabiqəsinin keçirildiyini deyən rektor ən fəal iştirakçıların gələcəkdə tədqiqatçı kimi magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirərək BANM-in professor-müəllim heyətinin sırasına qoşulacaqlarına əminliyini ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli belə möhtərəm tədbirin keçirilməsinə görə BANM-in rəhbərliyini, kollektivini və tələbələri təbrik edib. İsa Həbibbəyli Tələbə elmi-texniki konfransının dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmasını təqdirəlayiq hal hesab etdiyini bildirib. O, bu tədbirin tələbələrin peşəkar kadr kimi yetişmələri üçük əhəmiyyətli olduğunu vurğulayıb. İsa Həbibbəyli BANM-də yeni nəsil kadr hazırlanması prosesində elm ilə dövlətçilik ideologiyasının vəhdətinin yüksək səviyyədə həyata keçirildiyini deyib. Konfransda beynəlxalq şirkətlərin heyətlərinin iştirak etməsini nəzərə çatdıran İsa Həbibbəyli bu tədbirin tələbələrin gələcək tərəfdaşları ola biləcək şirkətlərlə ünsiyyət qurması, peşəkar vərdişlərə yiyələnmələri üçün əlverişli imkan olduğunu bildirib. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının BANM ilə əməkdaşlıq etməyə, elmin inkişafı istiqamətində birgə işlər görməyə həmişə hazır və dəstək olduğunu deyib.
Sonra konfransda iştirak edən şirkət rəhbərləri və nümayəndələri BANM-in rəhbərliyinə bu möhtərəm tədbirə dəvət aldıqlarına görə təşəkkürünü bildiriblər. Hər biri konfrans haqqında müsbət fikirlərini səsləndirib və BANM-də milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq etməkdən məmnunluğunu ifadə ediblər.
Konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib. Ümumilikdə, konfransın gedişatında 127 məruzə dinləniləcək.
Növbəti günlərdə konfrans öz işini bölmələrdə davam etdirəcək. “Neft-qaz mühəndisliyi” bölməsinin iclasında 30, “Kimya mühəndisliyi” bölməsinin iclasında 42, “Fizika və riyaziyyat” bölməsinin iclasında 31 və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi ” bölməsinin iclasında 17 məruzə dinlənilib münsiflər tərəfindən qiymətləndiriləcək.
Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri ən maraqlı məruzələri təqdim edən iştirakçıları müəyyən edəcək.
Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətlərinin hədiyyələri təqdim olunacaq.