Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri Microsoftun sertifikatını aldılar

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Microsoft”un İT Akademiyasını (Microsoft İmagine Academy) uğurla bitirən və BANM-də keçirilmiş “Robototexnika” yarışının qalibi olmuş “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə sertifikatlar təqdim olundu. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, “Microsoft” şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov və Strateji həllər üzrə mütəxəssis Qaçay Mirzəyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları və  tədbir iştirakçılarını salamlayaraq tələbələri əldə etdikləri nailiyyətlərə görə təbrik etdi.  Rektor tələbələrin peşəkar mühəndislər kimi formalaşması istiqamətində BANM-də zəruri işlər aparıldığını və əhəmiyyətli addımlar atıldığını vurğulayaraq, onların nailiyyətlərinin ildən ilə artacağına əmin olduğunu dedi. Elmar Qasımov tədbirin təşkil olunmasına görə Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasına təşəkkür edərək bildirdi ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” çox vacib ixtisaslardan biridir və burada təhsil alan tələbələrin fəaliyyətinə xüsusi əhəmiyyət verilir.  Rektor Ali Məktəbin hər zaman öz tələbələrinə diqqət və qayğı göstərdiyini, onların bilik və bacarıqlarının aşkara çıxarılmasında maraqlı olduğunu dedi. Elmar Qasımov qalibləri təbrik edərək hər birinə uğurlar arzuladı.  

 

Azərbaycan Respublikasının Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov BANM-də olmaqdan məmnun olduğunu bildirdi. Şahin Həsənov Ali Məktəbdə tələbələr üçün yaradılan şəraitin onların mütəxəsis  kimi formalaşmasında böyük zəmin yaratdığını vurğuladı.  O, qalibləri təbrik edərək onlara uğurlar arzuladı.

 

“Microsoft” şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov qalib tələbələri təbrik edərək Ali Məktəbin tələbələrinə şirkətin yeni layihələri haqqında məlumat verdi. Emin Axundov tələbələri həmin layihələrdə iştirak etməyə çağırdı.

 

Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri, dosent Manafəddin Namazov BANM-də “Microsoft”un IT Akademiyasının yaranmasından bu günə qədər görülən işlərdən və tələbələrin robototexnika üzrə təqdim etdiyi işlərdən söz açdı.

 

Sonda “Microsoft”un sertifikatlaşdırılmış kurslarını başa vurub imtahandan uğurla keçən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələrinə “Software Development Fundamentals” sertifikatları və BANM-də keçirilən “Robototexnika” yarışında qalib gələn tələbələrə sertifikatlar təqdim edildi.