Xəbərlər

BANM-də Dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüş keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüşü və onun elmi redaktoru olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”  kitabının təqdimatı keçirildi. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Ali Məktəbdəki büstü önünə gül dəstələri düzüldü.

 

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bu, olduqca əhəmiyyətli hadisədir, belə ki, müasir dövrdə bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsinin dünya ictimaiyyətinə, dünyaya bir çağırış olduğunu deyən Elmar Qasımov ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğuladı. Bu sahədə böyük işlərin həyata keçirildiyini deyən rektor rəhbərlik etdiyi Ali Məktəbin bu istiqamətdəki fəaliyətindən danışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıqda bir sıra tədbirlərin keçirildiyini nəzərə çatdıran Elmar Qasımov bunun davamlı olacağını dedi.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanın bilikli, savadlı gənclərinin üstünlük təşkil etdiyi Ali Məktəbdə olmaqdan məmnuluğunu ifadə etdi. O, multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışaraq Azərbaycan multikulturalizminin inkişaf perspektivlərindən söz açdı. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyinin göstəricisi olduğunu vurğuladı. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətindən söz açdı. Multikulturalizm ənənələrinin formalaşması haqqında söz açan akademik Kamal Abdullayev multikulturalizm siyasətinin ölkəmizin demokratik inkişafının tərkib hissəsi olduğunu dedi. O, bu sahədə Ümummilli lider Heydər Əliyevin xidmətləri barədə danışdı və bildirdi ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunub. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Dövlət müşaviri qeyd etdi ki, multikulturalizm məna etibarilə çoxmədəniyyətlilik deməkdir, yəni çoxmədəniyyətli bir cəmiyyətdə bu çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal şəkildə yaşaması deməkdir.

 

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında söz açan akademik Kamal Abdullayev bu kitabda klassik şair və yazıçılarımızın yaradıcılığının fərqli bir rakursda təqdim olunduğunu dedi. O bildirdi ki, ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biridir. Akademik Kamal Abdullayev bu nöqteyi-nəzərdən, təqdim olunan nəşrin müasir dövrdə öz aktuallığı ilə seçildiyini qeyd etdi. O bildirdi ki, ərsəyə gətirilən bu kitab multikultural ənənələrin öyrənilmə cəhdidir. Akademik Kamal Abdullayev kitabda orta əsrlərdən müasir dövrümüzə qədər olan ədəbi-bədii nümunələrdə multikultural dəyərlərin ifadəsinin təzahür formasının izah olunduğunu bildirdi. O, Azərbaycan klassiklərinin əsərlərindəki multikulturalizm elementlərini izah edərək sözügedən nəşrdə bununla bağlı misallar göstərildiyini dedi.   

 

Sonra akademik Kamal Abdullayev görüş iştirakçılarının, o cümlədən tələbələrin çoxsaylı suallarını cavablandırdı və müəllifi olduğu, o cümlədən redaktorluğu ilə çıxan müxtəlif kitabları Ali Məktəbin kitabxanasına və tələbələrə  hədiyyə etdi.

 

Rektor Elmar Qasımov akademik Kamal Abdullayevə BANM-in “Fəxri qonaq” diplomunu təqdim etdi.