Xəbərlər

Bakı Ali Neft Məktəbində Qan yaddaşımız Xocalı adlı anım tədbiri keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirildi. Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı, “Qırmızı ulduz” ordenli, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə və muzeyin əməkdaşları, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak etdilər. Təbdirdən öncə Ali Məktəbin Akt zalının önündə Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin, kitab və müxtəlif təbliğat materiallarının sərgisi nümayiş olundu.

 

Tədbirdə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məktəbin rektoru Elmar Qasımov Xocalı soyqırımının mənfur erməni millətçiləri tərəfindən əsrlər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən, ən qəddar və amansız terror hadisələrindən biri olduğunu dedi. O, bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdilər, əliyalın, dinc əhalini, uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürdülər və ya girov götürdülər. Rektor Elmar Qasımov Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan dövlətinin Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması üçün böyük işlər gördüyünü bildirdi. Elmar Qasımov Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, dünya ictimaiyyətinin bu soyqırımı haqqında məlumatlandırılması üçün gənclərin öz bilik, bacarıq və xarici dil imkanlarından istifadə edərək bu məsələdə vətənpərvərlik göstərməli olduqlarının vacib olduğunu dedi. Elmar Qasımov ABŞ-ın 21 ştatında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunduğunu xatırladaraq, həmin ştatların rəhbər şəxslərinə təşəkkür məktubu yazmağın vacib olduğunu tələbələrin diqqətinə çatdırdı. O bildirdi ki, Azərbaycan dövləti güclüdür və həmişə öz mövqeyini dünyaya çatdırmağı bacarır. Elmar Qasımov dövlətimizin səyləri  nəticəsində torpaqlarımızın geri qaytarılacağına əminliyini ifadə etdi.

 

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı, “Qırmızı ulduz” ordenli, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə “Xocalı – bəşəriyyətə qarşı çevrilmiş cinayət” mövzusunda məruzə ilə çıxış etdi. O, Xocalı soyqırımının XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı faciə olduğunu bildirdi. Əzizağa Qəni-zadə bu soyqırımın bəşər tarixində ən qəddar kütləvi terror kimi yadda qaldığını dedi. O, Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin bir parçası olduğunu qeyd etdi. Əzizağa Qəni-zadə bu soyqırımı aktını həyata keçirənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduqlarını bildirdi.

 

I qrup Qarabağ əlili, ehtiyatda olan polkovnik İntiqam Mirzəyev tələbələri daima vətənpərvər ruhda olmağı, BANM-də aldıqları ingilis dili bilikləri vasitəsilə Azərbaycanı xaricdə layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı və şəhidlərin ölməz ruhunu həmişə yad etməyi tövsiyə etdi.

 

Sonda Xocalı faciəsinə həsr olunmuş “1992-ci ilin qarı” adlı qısametrajlı sənədli  film nümayiş olundu.