Xəbərlər
BANM-in tələbələri üçün Peşə etikası kursu keçirilir
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) mütəxəssisləri tərəfindən “Peşə etikası” üzrə təlimatlandırma kursu keçirilir. Kurslar BANM-də bütün ixtisaslar üzrə təhsil alan tələbələri əhatə edir.
“Peşə etikası” təlimatlandırma kursunun keçirilməsi tələbələrə onların gələcək karyeralarında iş prosesi zamanı yaranan problemlərin etik qaydalara uyğun aradan qaldırılması üsulları, peşə etik normaları, konkret hadisələrdə davranış qaydaları, fəaliyyət zamanı əxlaqi dəyərlərin rolu, rəhbər və işçi heyəti arasında münasibətlərin düzgün qaydada tənzimlənməsi haqqında biliklərin öyrədilməsinə yönəlib.
Yekunda keçirilən təlimatlandırma kursu üzrə imtahan təşkil olunur. İmtahanı müvəffəqiyyətlə verən iştirakçılar ISO standartlarına cavab verən beynəlxalq səviyyəli sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, “Peşə etikası” təlimatlandırma kursu qruplar üzrə bölünmüş tələbələrə fevral-mart ayı boyunca keçirilir.