Xəbərlər
Aytən Şadlinskaya: Xaricdə təhsil peşəkar inkişafla yanaşı özünü kəşf edib tanımağa kömək edir
Aytən Şadlinskaya 1984-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalında çoxuşaqlı ailədə anadan olub. 1988-ci ildə məlum hadisələr zamanı ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Bacı və qardaşları Bakıda orta məktəbi bitirib müxtəlif ixtisaslar üzrə ali təhsil alıblar. 283 saylı orta məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə daxil olub və 2006-cı ildə həmin universiteti fərqlənmə ilə bitirib. Dil bacarıqlarına yiyələndikdən sonra özünü başqa sahədə sınamağı qərara alan Aytən Şadlinskaya magistratura təhsilini idarəetmə sahəsində davam etdirib. 2007-ci ildə Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisasına qəbul olub. Qəbul olduqdan sonra Erasmus Mundus mübadilə proqramı çərçivəsində magistr təhsilini Yunanıstanın Saloniki şəhərində yerləşən A.T.E.İ. İnstitutunda (Alexander Technological Educational İnstitution) Menecment ixtisası üzrə davam etdirib. Təhsilini başa vurduqdan sonra 2009-2013-cü illərdə Xəzər Universitetində Beynəlxalq tələbələr və mütəxəssilər mərkəzinin direktoru vəzifəsində çalışıb. 2013-cü ildən etibarən isə Bakı Ali Neft Məktəbində işləyir. O, 2013 və 2014-cü illərdə Azərbaycan Turizm və Menecment Universitetində magistr fənlərini tədris edib. Hal-hazırda Aytən Şadlinskaya Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi olaraq çalışır.
- Ixtisasınıza olan marağınız nə ilə bağlıdır? Bu ixtisasınız üzrə xaricdə təhsil almaq fikrinə necə gəldiniz?
- Xaricdə təhsil almaq uşaqlıq arzularımdan biri olub və onu reallaşdırmaq üçün münasib vaxt və fürsət gözləmişdim. İlk vaxtlar tərcüməçilik ixtisasını seçsəm də, sonralar işlədiyim sahələr əsasən idrəetmə və müxtəlif təhsil layihələri ilə bağlı olduğundan bu sahəni seçmişəm. Hal-hazırda da əsas marağım təhsil və inkişaf layihələridir. Hər yaranan bir ideyanı layihələşdirib reallaşdırmaqdan zövq alıram. Ələxsus, bu layihələr başqalarının həyatını, təhsilini inkişaf etdirməyə xidmət edirsə. Zövq ala biləcəyimiz işi görürüksə yorulmuruq və bu iş anlayışı çərçivəsindən çıxır. Məsələn, ilk böyük layihəmiz digər iki kolleqamla yazdığım “Azərbaycanın ali təhsil müəssisələrinə əlil tələbələrin inteqrasiyasının təməlinin qoyulması (ESFIDIP)” layihəsi olub. Bu layihəni yazarkən fikrimizi layihənin seçilməsindən daha çox gördüyümüz işin neçə insanın həyatını dəyişə biləcəyinə yönəltmişdik. Bizi motivasiya edən əsas səbəb məhz bu idi. Gözlədiyimiz kimi, bu layihə Avropa Komissiyası tərəfindən seçilərək maliyyələşdirildi. Mən bir işin ürəkdən və çox istəyərək görüldüyü təqdirdə uğurlu olacağına inanıram. Yaradan hər bir xoş niyyətlə görülən işi gec-tez yoluna qoyur. Bunun üçün sadəcə çox istəmək və çalışmaq lazımdır.
- Sizin fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsildən hansı üstün və mənfi cəhətləri və ya fərqləri var?
- Öncə qeyd edim ki, ideal mühit və ya ideal təhsil yoxdur. Hər bir mühitdə insan öz ağıl və mövcud imkanlarından maksimum istifadə edib yararlana bilər. Eləcə də xaricdə təhsil və ya yerli ali məktəblərdə təhsilin müsbət və mənfi tərəfləri ola bilər. Xaricdə yaxşı ali məktəblərdə təhsil inkişafa meylli insan üçün çox qazanclı ola bilərsə, eyni zamanda tənbəl biri üçün faciə ilə də bitə bilər. Xaricdə təhsil peşəkar inkişafla yanaşı özünü kəşf edib tanımağa kömək edir. Ümumilikdə götürsək, xaricdə təhsil almaq dünyagörüşünün genişlənməsinə, akademik biliklərin dərinləşməsinə, qısa müddətdə insan kimi daha tez yetkinləşməyə yardım edir. Mənfi tərəfləri mənim üçün olmayıb. Həm təhsil aldığım müddətdə, həm də sonralar xarici ölkələrə təhsillə bağlı və iş səfərlərim çox olub. Bu, mənim peşəkar inkişafıma çox kömək edib. Mən hər yaşda ozünü inkişaf etdirməyin vacib olduğunu düşünürəm. Həmişə bizim öyrənib inkişaf etməyə ehtiyacımız var. Kamil insan heç vaxt öz bilik və bacarıqlarının kafi olduğunu düşünə bilməz. O daim çalışır və yeni üfüqlər kəşf edir.
- İlk işinizi və ilk maaşınızı xatırlayırsızmı?
- Çox sevinirəm ki, peşəkar karyerama 19 yaşında başlamışam və ən önəmlisi, işlədiyim sahələr bilavasitə oxuduğum ixtisaslarla bağlı olub. Bu mənə nəzəri bilik bazamı möhkəmlətməyə kömək etməklə yanaşı peşəkar formalaşmamda böyük rol oynadı. Qeyd etmək yerinə düşərdi ki, ilk iş yerinin insanın həyatında əhəmiyyəti danılmazdır. Yunanıstanda təhsil aldığım on altı ay müdətində dərslərlə yanaşı iş təcrübəsi keçdim. İş təcrübəm dörd ay olmaqla Yunanıstanın böyük banklarından olan ATEbankda və əmlak tikintisi və satışı ilə məşğul olan beynəlxalq şirkətdə keçdi. Maaşımı da təbii ki, yaxşı xatırlayıram. Yeni işə başlayan hər bir kəsə tövsiyə edərdim ki, iş yerini seçəndə maaşdan öncə işin perspektivini və oradakı inkişaf imkanlarını prioritet etsinlər.
- Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamanız necə oldu ?
- Bakı Ali Neft Məktəbi Azərbaycanda mühəndislik ixtisası üzrə tədrislə məşğul olan ilk ingilis dilli Ali Məktəbdir. Yarandığı ilk vaxtlardan bu ali təhsil müəssisəsi ilə bağlı məlumatım var idi. Ali Məktəbin rektoru cənab Elmar Qasımovla görüşdükdən sonra o, mənə Keyfiyyətin Təminatı şöbəsində işə başlamaq təklifi verdi. Yeni yaranmağına baxmayaraq qısa müddətdə çox peşəkar akademik heyət və mühit mənə çox müsbət təsir bağışladı və yaxşı mənada təəccübləndirdi. Öz bilik və bacarığımı tətbiq edə biləcəyim mühit burada işləməyə və yeni ideaları gerçəkləşdirməyə məndə havəs oyatdı. Artıq iki ildir ki, burada Keyfiyyətin Təminatı şöbəsində işləyirəm. Qeyd etmək yerinə düşərdi ki, harada işlədiyinin də inkişafda çox mühüm rolu var. Sevinirəm ki, yeniliklərə açıq, daim işçilərin maarifləndirilməsinə dəstək verən təhsil ocağında çalışıram. Mən dövlətin gücünü onun təhsilində görürəm. Əminəm ki, dövlətimiz təhsilə ayırdığı qayğı və diqqətin sayəsində güclənir və inkişaf edir. Hər bir dövlətin gücü onun təhsil səviyyəsi ilə ölçülür. Nelson Mandelanın dediyi kimi, “Dünyanı dəyişmək üçün ən qüdrətli silah təhsildir!”
- Üzərinizə hansı öhdəliklər düşür və işinizin öhdəsindən necə gəlirsiniz?
- Şöbəmiz Ali Məktəbin təməl prinsiplərinə xidmət edən ən məsuliyyətli işi aparır. Tədrisin keyfiyyəti, imtahanların gedişatı, tələbələrin davamiyyəti və s. kimi mühüm vəzifələr şöbəmizin səlahiyyətlərinə aiddir. Həmçinin burada çalışdığım müddətdə yazdığım iki layihə uğurlu olub və Alman Tələbə Mübadilə Proqramı (DAAD) tərəfindən maliyyələşdirilmək üçün seçilib. Bir layihəmizi 2014-cü ildə “Bakı Qış Neft Məktəbi” (Baku Winter Oil School) adı ilə mart ayında həyata keçirdik. Almaniyanın ən nüfüzlu ali məktəbələrində təhsil alan tələbələr bu layihə çərçivəsində Bakı Ali Neft Məktəbində 2 həftə ərzində həm akademik biliklərə yiyələndilər, həm də Azərbaycanın mədəniyyəti, adət ənənəsi və əsrarəngiz təbiəti ilə yaxından tanış oldular. Digər ikinci layihəmiz “ Bakı Yay Neft Məktəbi” 2016-cı ilin sentyabr ayında baş tutacaq. Qeyd edim ki, bu layihələrdə alman tələbələrlə yanaşı, azərbaycanlı tələbələr də iştirak edə bilər. Ali Məktəbimizin inkişafı və beynəlmiləlləşməsi üçün növbəti illərdə də bir çox böyük layihələrimiz olacaq.
- Bir gənc olaraq, ali təhsil ocağında işləməyin məsuliyyəti nədən ibarətdir?
- Mənim üçün ali təhsil ocağında çalışmaq və gənc nəslin yetişməsində, təhsil almasında rol oynamaq məsuliyyətdən savayı, müqəddəs bir öhdəlikdir. Hər yeni layihə ilə faydalı olmaq, Ali Məktəbin inkişafına töhvə vermək çox məsuliyyətli eyni zamanda çox əhəmiyyətli bir işdir.
- İnkişafınız üçün işdən savayı nələr edirsiniz ?
- Mən xaricdə ali təhsil almaqla yanaşı, indiyədək müxtəlif ölkələrdə konfranslarda, seminarlarda və təlimlərdə iştirak etmişəm. Hər bir keçdiyim təlim, seminar mənə yeni biliklər əldə etməyə, müxtəlif insanlarla tanış olmağa və müəyyən ideyaların yaranmasına imkan yaradır. Hər il ən azından bir tədbirdə iştirak etməyi özümə məqsəd qoymuşam. Ən son 2014-cü ildə Hindistanın Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi proqrama seçilərək Hindistanın paytaxtı Dehlidə “Layihələrin İdarə Edilməsi ” üzrə bir aylıq təlimdə iştirak etdim. Əslində bu mənim ən yadda qalan təlimim oldu. Çünki indiyədək gördüyüm inkişaf etmiş ölkələrdən fərqli olaraq bu ölkə mənim dünyagörüşümə çox təsir etdi. Bu ölkəyə ikinci səfərim olmasına baxmayaraq son səfərim zamanı qaldığım bir ay müddətində ölkəni daha yaxından tanıdım. Eyni vaxtda ən təmtəraqlı həyatı və ən məzlum insanları görmək insana bir çox şeyi əyani şəkildə öyrədir. Həmçinin təlim zamanı otuza yaxın müxtəlif ölkədən olan insanlar arasında olmaq, yeni insanlar kəşf etmək və fərqli baxışlarla tanış olmaq çox maraqlı idi. Qeyd edim ki, bu təlimdə iştirak edən ilk azərbaycanlı idim. Təlimin sonunda təşkilatçılar tərəfindən sertifikat almaqla yanaşı həmçinin iştirakçılar tərəfindən sorğu əsasında “ən yaxşı lider” kimi seçildim.İnkişaf üçün daim mütaliə etmənin də çox önəmli olduğunu düşünürəm. Onu da bildirim ki, öyrəndiklərin və gördüklərin səni yaxşı insan, yaxşı vətəndaş kimi yetişdirə bilməyibsə demək yanlış istiqamətdə inkişaf etmisən. Necə deyərlər, elmli cahil ən təhlükəli insandır. Son zamanlar əsasən şərq mütəfəkirlərinin və hind müəlliflərin kitablarını oxuyuram. Düşünürəm ki, həm mütaliə, həm səyahət insanı inkişaf etdirən mühüm amillərdir.