Xəbərlər
Konqodan 14 yeni tələbə Bakı Ali Neft Məktəbində təhsil alacaq
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında əməkdaşlıq çərçivəsində Konqodan Bakı Ali Neft Məktəbinə yeni gələn 14 tələbə və SNPC-nin nümayəndə heyəti ilə görüşüb.
Hazırda BANM-də SNPC ilə əməkdaşlıq çərçivəsində bakalavriat ixtisasları üzrə 17 tələbə təhsil alır. Yeni tələbələrin də qoşulması ilə Konqodan olan tələbələrin ümumi sayı 31-ə çatıb.
Görüş zamanı rektor Elmar Qasımov Konqolu tələbələrin nümunəvi tələbələr sırasında olduğunu vurğulayaraq onların təhsilindən məmnunluğunu ifadə edib. Bildirib ki, BANM-də qazandıqları bilik və təcrübə sayəsində onlar gələcəkdə ölkələrinin inkişafına töhfə verən peşəkar mütəxəssislər kimi yetişəcəklər. Həmçinin məzunların yalnız neft-qaz sektorunda deyil, Konqonun digər sənaye sahələrində də uğurla fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.
SNPC nümayəndə heyətinin rəhbəri, şirkət rəhbərinin köməkçisi Roland Akenandey isə Bakı Ali Neft Məktəbində yaradılmış təhsil və tədris şəraitini yüksək qiymətləndirib. O, tələbələrin Konqoda ən yüksək nəticə göstərən abituriyentlər arasından seçildiyini qeyd edərək onların BANM-də nümunəvi tələbələr olacaqlarına və gələcəkdə ölkələri üçün uğurlu mütəxəssislər kimi yetişəcəklərinə inamını ifadə edib.










