Xəbərlər

Bakı Ali Neft Məktəbinin rektoru Milli Məşğulluq Forumunda çıxış edib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Milli Məşğulluq Forumunda “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq” adlı panel sessiyada çıxış edib.

Çıxışında məzunların əmək bazarından gözləntiləri, ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında rolu barədə danışan Elmar Qasımov Bakı Ali Neft Məktəbinin məzunlarının işlə təmin olunma göstəricilərinə görə ölkə üzrə ilk yerdə olduğunu vurğulayıb.

Bu uğurun əsas səbəbləri kimi BANM-in sənayeyönümlü universitet modelini, aparıcı şirkətlərlə qurulan çoxtərəfli əməkdaşlığı və tələbələrin ikinci kursdan etibarən davamlı olaraq istehsalat təcrübələrinə cəlb olunmasını qeyd edib.

Rektor, həmçinin karyera mərkəzlərinin tələbə və məzunların peşəkar inkişafında və əmək bazarına inteqrasiyasında əhəmiyyətini vurğulayaraq BANM-də bu mərkəzin fəaliyyətindən bəhs edib.

Süni intellektin əmək bazarına təsirinə də toxunan Elmar Qasımov süni intellektdən insanı əvəz edən deyil, onun imkanlarını genişləndirən vasitə kimi istifadə olunmasının vacibliyini diqqətə çatdırıb. Bu prosesdə təbii intellektin, yaradıcı düşüncənin və insan faktorunun əhəmiyyətini xüsusi qeyd edib.