Xəbərlər
Bakı Ali Neft Məktəbi və Azər Türk Bank arasında Anlaşma Memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbi (BANM) və Azər Türk Bank (ATB) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum BANM-in rektoru Elmar Qasımov və Azər Türk Bankın İdarə Heyətinin sədri Günel Nəbiyeva tərəfindən imzalanıb.
Memorandum BANM tələbələrinin ATB-də istehsalat təcrübəsi keçməsi, tələbə və məzunların işlə təmin olunmasına fürsətlər yaradılması, həmçinin tərəflər arasında digər əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsini nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən rektor Elmar Qasımov Azər Türk Bankın xidmətlərindən əməkdaş və tələbələrin istifadə edərək məmnun qaldıqlarını qeyd edib. Rektor vurğulayıb ki, imzalanan Memorandum mövcud əməkdaşlığın daha da genişlənməsinə, xüsusilə tələbə və məzunlar üçün yeni təcrübə və karyera imkanlarının yaradılmasına mühüm töhfə verəcək.
Azər Türk Bankın İdarə Heyətinin sədri Günel Nəbiyeva BANM ilə əməkdaşlığın bank üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, tələbələrin real iş mühitində təcrübə qazanmasının və istedadlı gənclərin karyera imkanlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
