Xəbərlər

Müdafiə sənayesi nazirinin müavini Bakı Ali Neft Məktəbində olub

Azərbaycan Respublikasının Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-in rektoru Elmar Qasımov qonaqları kampus binası, laboratoriyalar və tədris otaqları ilə yaxından tanış edib.

Tərəflər arasında keçirilən görüşdə rektor Elmar Qasımov nümayəndə heyətini salamlayaraq Bakı Ali Neft Məktəbinin fəaliyyəti, tədris proqramları, tələbələrin nailiyyətləri, sənayenin tələblərinə uyğun formalaşdırılan ixtisaslar və uğurlu startap layihələri barədə geniş məlumat təqdim edib. Rektor, həmçinin, Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq tələbələrin Nazirliyin müəssisələrində təcrübə keçməsi və müxtəlif birgə layihələrdə iştirak imkanlarını diqqətə çatdırıb.

Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov öz növbəsində Bakı Ali Neft Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirib və Nazirlikdə həyata keçirilən genişmiqyaslı işlər, aparılan islahatlar və planlaşdırılan böyük layihələr barədə məlumat verib. Nazir müavini bu layihələrin icrasında universitetlərin rolunun xüsusi önəm daşıdığını qeyd edib və əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə Nazirliyin Elmi-Tədqiqat İnstitutunun direktorunun müşaviri Qamət Kərimov “Universitet–Sənaye əməkdaşlığı layihələri” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, Bakı Ali Neft Məktəbinin tələbələri Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələrdə fəal iştirak edir və mühüm nailiyyətlər əldə edirlər. Nazirliyin həyata keçirdiyi bir layihədə isə seçim mərhələlərini keçərək iştirak hüququ qazanan 64 nəfərdən 18-i BANM tələbəsi olub, onlardan isə 10 nəfəri işə dəvət alıb.

Görüş gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi ilə davam etdirilib.