Xəbərlər
Bakı Ali Neft Məktəbinə əcnəbi tələbələrin qəbulu əhəmiyyətli dərəcədə artıb
Bakı Ali Neft Məktəbində (BANM) 2025/2026-cı tədris ili üzrə əcnəbi tələbələrin qəbulu göstəriciləri ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov BANM-in beynəlxalq nüfuzunun artdığını və xarici tələbələrin universitetə marağının yüksəldiyini bildirib. O qeyd edib ki, BANM-in qlobal tərəfdaşlıqlarının genişlənməsi və tədris keyfiyyətinin yüksək olması sayəsində hər il daha çox beynəlxalq tələbə bu ali təhsil ocağını seçir.
BANM-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova təqdimatla çıxış edərək bildirib ki, bu il BANM-ə 20 ölkədən 70 tələbə qəbul olunub. Bu isə ötən illə müqayisədə 67% artım deməkdir. Onun təqdimatına əsasən, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə qəbul olan tələbələrin sayı 33% artaraq 12 nəfərə çatıb.Bu tədris ilində SOCAR–SNPC əməkdaşlığı çərçivəsində 5 konqolu xanım tələbə BANM-ə qəbul edilib və onların bütün xərcləri SNPC tərəfindən qarşılanır. Hazırda BANM-də təhsil alan Konqo vətəndaşlarının sayı 13 nəfərdir.
Tərəfdaş universitetlərlə mübadilə proqramı üzrə bu payız semestrində 10 tələbə BANM-də təhsilə başlayıb.
BANM və Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında imzalanmış ikili diplom proqramları çərçivəsində 2025/2026-cı tədris ilində 16 özbək tələbə Kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almaq üçün BANM-də tədrisə cəlb olunub.Bu proqram və əməkdaşlıq SOCAR-ın davamlı dəstəyinin nəticəsidir.
SOCAR və "Uzbeknefteqaz" ASC arasındakı razılığa əsasən 3 şirkət əməkdaşı BANM-in MBA proqramına qəbul olunub.
Hökumətlərarası Təqaüd Proqramı üzrə Somalidən 2, Qırğızıstandan 1 tələbə BANM-ə qəbul edilib. Bundan əlavə, SOCAR və Somali Neft İdarəsinin əməkdaşlığı çərçivəsində 3 Somali vətəndaşı təhsil və yaşayış xərcləri SOCAR tərəfindən tam qarşılanmaqla BANM-də təhsil almaq hüququ qazanıb.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin şöbə müdiri Rasim Məmmədov, Agentliyin birinci katibi Ülviyyə Karaca, Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Həcər Kəlbiyeva və SOCAR-ın Korporativ Akademiya və tərəfdaşlarla iş şöbəsinin İnsan resursları üzrə aparıcı mütəxəssisi Elnurə Mustafayeva BANM-in beynəlxalq fəaliyyətini yüksək qiymətləndirib, uğurlar arzulayıb və bu istiqamətdə hər zaman dəstək olmağa hazır olduqlarını bildiriblər.











