Xəbərlər
Qanlı Yanvar filminin nümayişi oldu
Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir və “ANS Şirkətlər Qrupu”nun sifarişi ilə istehsal olunan, eyni zamanda adıçəkilən şirkətin prezidenti Vahid Mustafa Yevin rejissorluğu və ssenarisi əsasında ekranlaşdırılan “Qanlı Yanvar” bədii filminin nümayişi oldu. Tədbirdə filmin yaradıcı heyəti, o cümlədən baş rolların ifaçıları – Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova iştirak edirdi.
Öncə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə giriş nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov Azərbaycan xalqının keçdiyi şanlı qəhrəmanlıq tarixindən söz açaraq, 20 Yanvar faciəsinin əslində xalqımızın igidlik, mübarizlik və şücaətlə dolu qəhrəmanlıq günü olduğunu bildirdi. 1990-cı ildəki, həmin dövrdəki ictimai-siyasi ab-havaya diqqət çəkən Elmar Qasımov Azərbaycanın milli-azadlıq mübarizəsi və müstəqillik yolunda qurban gedən şəhidlərin ölməzliyə qovuşduğunu bildirdi. O, igid oğul və qızların qanı bahasına qazanılan, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, eyni zamanda, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə davam etdirilən dövlət siyasətinin əsasını təşkil edən müstəqilliyin gənc nəsillər tərəfindən qorunub saxlanılmasının vacibliyindən bəhs etdi. Elmar Qasımov “Qanlı Yanvar” bədii filmi haqqında danışaraq ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandığını dedi. O, Azərbaycan xalqının qan yaddaşında unudulmaz iz buraxan hadisənin dünya ictimaiyyətinə çatdırılmasının çox vacib olduğunu bildirərək filmin ərsəyə gəlməsində Vahid Mustafa Yev başda olmaqla, yaradıcı heyətə və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Rektor Elmar Qasımov filmin baş rollarının ifaçılarına BANM-in adından təşəkkür etdi və hər birinə hədiyyə təqdim etdi.
Filmin baş rollarının ifaçıları – Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək Ali Məktəbin rəhbərliyinə filmin nümayişi üçün yaradılan şəraitə görə təşəkkür etdilər. Onlar Azərbaycan tarixinin şanlı səhifələrinin gənclərə tanıdılması və onların milli vətənpərvərlik ruhunda formalaşmasında filmin mühüm rol oynayacağına əminlik ifadə etdilər.
Sonra “Qanlı Yanvar” bədii filmi nümayiş etdirildi.