Xəbərlər

BANM tələbələri Dövlət Bayrağı Muzeyinə səfər ediblər

   Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Dövlət Bayrağı Muzeyinə səfər ediblər. Bu səfər tələbələrin mütəmadi olaraq mədəni və tarixi yerlərə səfərləri çərçivəsində həyata keçirilib. Tələbələr muzeydə Azərbaycan Respublikasının dövlətçilik tarixini və ənənələrini, dövlət rəmzlərini əks etdirən eksponatlarla yaxından tanış olublar. Onlara müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunub. Həmçinin, tələbələrə XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşürləri, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, o cümlədən Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər göstərilib. Tələbələr sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri ilə yaxından tanış olublar. Muzeyin yaradılması, tikintisi və burada nümayiş olunan bütün eksponatlar haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, səfərlər tələbələrin ümümi biliklərinin və dünyagörüşlərinin genişləndirilməsinə, onların maarifləndirilməsinə, Azərbaycanın dövlət atributları, tarixi, mədəniyyəti, Azərbaycan xalqının dəyərləri və adət-ənənələri haqqında dərin biliklərə yiyələnməsinə yönəlib.