Xəbərlər
“BANM-da təhsil aldığım üçün özümü çox şanslı hiss edirəm”
Kənan Garayzadə: 690.2 bal.
İxtisas: İnformasiya təhlükəsizliyi
Məzun olduğu məktəb: Sumqayıt şəhəri, “İstedad” liseyini fərqlənmə attestatı ilə bitirib
Hər bir çətinlik və zəhmət öz nəticəsini verməlidir. Mənim üçün bu nəticə uğurlu bir təhsil və peşəkar inkişaf həm də gələcək karyeramın başlanğıcıdır. Əminəm ki, bu zəhmətlərim yalnız bu an üçün deyil, gələcəkdə də mənə böyük imkanlar açacaq. Bu müddət ərzində əldə etdiyim biliklər və təcrübələr, mənim gələcək uğurlu karyeramın əsasını təşkil edəcək və özümü hər zaman daha yüksək məqsədlərə doğru yönəldəcək.
BANM-da təhsil aldığım üçün özümü çox şanslı hiss edirəm. Buranın mənə verdiyi imkanlar, həm təhsil sahəsində, həm də şəxsi inkişafımda böyük rol oynayır. IT ixtisası seçmək, müasir dünyada ən vacib və qabaqcıl sahələrdən birini öyrənmək deməkdir. BANM-da aldığım təhsil və əldə etdiyim biliklər sayəsində, bu sahədə dünyanın ən aparıcı peşələrindən birinə doğru addımlamağım üçün əlimdə çox gözəl bir baza var. Bu da mənə yalnız peşəkar səviyyədə deyil, həm də şəxsiyyət olaraq daha da güclənməyimə imkan verir.
Təhsilimi bakalavriat mərhələsində çox yüksək səviyyədə başa çatdırmaq, yeni biliklər əldə etmək və xarici təhsil imkanlarından yararlanmaq niyyətindəyəm. Xaricdə təhsil alaraq beynəlxalq səviyyədə təcrübə qazanmaq, fərqli mədəniyyətləri və iş mühitlərini tanımaq istəyirəm. Sonra isə ölkəmizdə nüfuzlu şirkətlərdə mütəxəssis kimi fəaliyyət göstərmək, peşəkar inkişafımı daha da artırmaq məqsədim var. Mənim uzunmüddətli hədəfim yeni startap layihələri yaratmaq və innovativ həllər təklif etməkdir. Bu sahədə uğur qazanmaq üçün çox çalışmaq, dərin araşdırmalar aparmaq, yeni əlaqələr qurmaq və daim özünəinamını qorumaq lazımdır. Uğurun açarları da məhz bunlardır: zəhmət, əlaqələr, araşdırma və güclü özünəinam. Bu dörd əsas prinsipə əsaslanaraq, gələcəkdə qarşıma çıxacaq bütün hədəflərə çatmağı planlaşdırıram.
