Xəbərlər
“102 Gənc Arasında Özümü Görmək Böyük Fəxrdir"
Fatimə Qasımova: 691.3 bal
İxtisas: Kimya mühəndisliyi
Məzun olduğu məktəb: Bakı şəhəri, Suraxanı rayonu C.Rəhimov adına 146 nömrəli tam orta məktəbi fərqlənmə fərqlənmə attestat ilə bitirib
Prezident təqaüdü almaq mənim üçün böyük bir şərəfdir. Özümü 102 gənc arasında görmək, böyük bir fəxr hissi bəxş edir. Bakı Ali Neft Məktəbi yaradıldığı gündən Azərbaycanın ən prestijli və perspektivli təhsil ocaqlarından biridir.
Özümü BANM-ın tələbəsi kimi görməyi uşaqlıq illərimdən çox arzulamışam. Valideynlərimin hər ikisi SOCAR-da çalışır, qızlarının SOCAR-ın Bakı Ali Neft Məktəbində təhsil almasını çox istəyirdilər. Mən də onların bu arzusunu gerçəkləşdirdim. Kimyaya kiçik yaşlarımdan dərin marağım olub və bu maraq məni kimya mühəndisliyi üzrə təhsil almağa yönəldib. Dünyanın ən önəmli problemlərindən olan qlobal istiləşmə və digər vacib məsələlərin həllində kimya mühəndisliyinin böyük rolu var. Bu ixtisası seçməyimin digər səbəblərindən biridir. Bakı Ali Neft Məktəbində bakalavr təhsilimi uğurla başa vurmaq, mümkün olsa, qırmızı diplomla bitirmək hədəfimdir.
Təhsil aldığım müddətdə fəal tələbə olub, müxtəlif layihələrdə iştirak edərək illərimi ən məhsuldar və faydalı şəkildə qiymətləndirmək istəyirəm. Beş il ərzində xaricdə təhsil təcrübəsi qazanmağı çox arzulayıram, xüsusilə mübadilə proqramları və digər beynəlxalq imkanlar vasitəsilə. Eyni zamanda, Bakı Ali Neft Məktəbində keçirilən müxtəlif şirkətlərin təcrübə proqramlarında da iştirak etməyi planlaşdırıram. Təhsilimi xaricdə davam etdirmək istəyirəm və bunun əldə olunmasının əzm və səbir tələb etdiyini anlayıram. Lakin buna nail olmaq üçün əlimdən gələni edəcəyəm.

