Xəbərlər
“Prezident təqaüdü yüksək uğurlar əldə etmək üçün əvəzsiz motivasiyadır”
Fərid Vəliməmmədov: 692.8 bal.
İxtisas: Kimya mühəndisliyi
Məzun olduğu məktəb: Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanı fərqlənmə attestatı ilə bitirib
Prezident təqaüdü almaq mənim üçün həm böyük bir fəxr, həm də məsuliyyətdir. Təqaüdün mənə verdiyi imkanlar və təhsil sahəsindəki dəstək, gələcəkdə öz sahəmdə daha yüksək uğurlar əldə etmək üçün əvəzsiz motivasiyadır. Həm də məni daha çox çalışmağa və potensialımı inkişaf etdirməyə sövq edir.
BANM-ı seçməyimin bir çox səbəbi var. Bura kimya mühəndisliyi sahəsində geniş təhsil imkanları ilə tanınır. Təhsil sistemi və professor heyəti nəzəri biliklərimi daha da dərinləşdirmək və praktiki təcrübə qazanmaq üçün mükəmməl bir zəmin yaradır. Kimya mühəndisliyi ixtisasını seçdim, çünki bu sahə həm mənim şəxsi maraqlarıma, həm də gələcək karyera planlarıma uyğundur.
Məqsədim yüksək səviyyəli mütəxəssis olmaq və öz töhfəmi verməkdir. Beynəlxalq miqyasda keçirilən layihələrdə aktiv iştirak etməyi və müxtəlif təlimlərə qatılmağı planlaşdırıram. Gələcəkdə qlobal səviyyədə mühəndislik sahəsinə töhfə vermək və bu sahədəki problemlərə innovativ həllər tapmaq istəyirəm.
