Xəbərlər

Bakı Ali Neft Məktəbinin yaradılmasından 13 il ötür

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 13 illiyidir. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın tərkibində dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb.

Bakı Ali Neft Məktəbi 13 il ərzində böyük nüfuz qazanıb, rekord göstəricilərə imza atıb, Prezident təqaüdçülərinin sayına, ən yüksək keçid balına, yüksəkixtisaslı kadr hazırlığına görə ön sırada olub. BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub.

İlk ildə iki ixtisas üzrə qəbul həyata keçirilən Ali Məktəbdə hazırda 7 ixtisas üzrə bakalavr, 5 mühəndislik ixtisası və MBA proqramı (4 istiqamət) üzrə magistratura, 3 ixtisas üzrə doktorantura səviyyələrinə qəbul aparılır.

2024/2025-ci tədris ili üzrə BANM-ın 4 ixtisası Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına görə ilk beşlikdə yer alıb.

Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına məxsusdur (687.1 bal). 

Həmçinin ölkədə ən yüksək orta keçid balı da (645 bal) Bakı Ali Neft Məktəbinə aiddir. Beynəlxalq və respublika fənn olimpiadalarının 16 qalibi müsabiqədənkənar BANM-ə qəbul olub. Eləcə də, qəbul planı 100 faiz dolub.

35 məzunu isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.

Bu tədris ilində 33 Prezident təqaüdçüsü ilə BANM yenə də liderliyini qoruyub. Bakı Ali Neft Məktəbində tədris istehsalla inteqrasiya şəklində aparılır. Hər il tələbələr müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan Bakı Ali Neft Məktəbi tələbələrinə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verir. Bu gün BANM məzunları müxtəlif böyük yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərir, bəziləri təqaüd qazanaraq təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirirlər.

 

Əziz BANM ailəsi!

Təbrik edirik!

Bu illər ərzindəki uğurlarımızın davamlı olmasını arzulayırıq!